1 May 2014 15:54
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.

Prezident İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmiryol vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunub. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranıb. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən inşa olunan vağzal binasında müasir standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait var. Gözləmə salonunda sərnişinlər üçün bütün rahatlıq yaradılıb. Burada milli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks etdirən fotoguşə quraşdırılıb.

Stansiyada ana və uşaq otağı fəaliyyət göstərəcək. Dispetçer otağında da yüksək səviyyədə xidmət üçün müvafiq şərait yaradılb.

Bildirilib ki, stansiyada yeni platforma tikilib. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu var. İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon - 19 min 600 ton yükləmə, 2500 vaqon - 150 min ton boşaltma işləri həyata keçirilir. Stansiyanın vağzal binasında isə 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyadan orta hesabla gün ərzində 40 qatar yola salınır.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafına mühüm töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.

Səxavət


Müəllif: