2 May 2014 14:44
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində erməni müğənnilərinin mahnılarının səsləndirilməsi ictimai narazılıq yaradıb.

Teleqraf.com-un məlumatına görə, ictimai təşkilatlar bununla bağlı etirazlarını bildiriblər.

“ANS ÇM radiosunda dəfələrlə sistemli və bilərəkdən erməni musiqisinin verilməsi və rəhbərlik tərərfindən buna obyektivlik donu geyindirilməsi cəhdi təəssüf doğurur. Məncə, ANS ÇM-də erməni musiqisinin səslənməsinin Ermənistana gedib–gəlməkdən fərqi yoxdur”.

Bunu Teleqraf.com-a açıqlamasında «Qafqaz top 20» musiqili verilişində erməni mahnılarının səsləndirilməsinə münasibət bildirərkən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov deyib. Rəfail Becanov bildirib ki, Qafqaz adı gələndə Ermənistanı xatırlayanalar və “obyektivlik naminə” onların musiqisini radioda səsləndirənlər, erməni mahnılarını efirdə səsləndirərkən, Şuşanı, Xocalını, Xocalıda qətlə yetirilən uşaqları, qocaları, qadınları da unutmamalıdır. Təəssüf ki, gənc nəslə hər gün efirdən bunu xatırlatmaq əvəzinə ANS ÇM “obyektivlik” donunda erməni musiqisini səsləndirir. Mədəniyyətə sərhəddi biz yox, bizim tariximiz, torpaqlarımız, mədəniyyətimiz üzərində xarici havadarları hesabına monomillətli dövlət yaradan ermənilər qoyub:“ ANS ÇM-in belə musiqiləri radio efirində səsləndirməsi nəyə xidmət edir? Bu da “xalq diplomatiyasının” yeni bir forması deyilmi? Bunu edənlər nəyin təbliğatını aparır? ANS rəhbərinin müşaviri Mais Məmmədovun radio efirindən erməni mahnısının səslənməsinə münasibət bildirirərək deyir ki, “istəməyən qulaq asmasın, soyuq su içsin”. Bu fikirlər Azərbaycan xalqına həqarətdir. Hesab edirəm ki, bu məsələ ilə Milli Televiziya və Raido Şurası müvafiq ölçü götürməlidir.”.

"İnsan hüquqları XXI əsr-Azərbaycan" fondunun prezidenti Şahin Camalov isə məsələ ilə bağlı ANS Şirkətlər qrupunun rəhbərliyinə və Milli Televiziya və radio Şurasına müraciət edib.

Müraciətdə qeyd olunur ki, ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində erməni müğənnilərinin mahnılarının səsləndirilməsi və ANS rəhbərinin müşaviri Mais Məmmədovun bu hərəkətə bəraətverici bəyanat verməsi xəbəri vətəndaş cəmiyyəti olaraq bizləri dərindən narahat etməkdədir: "Ermənistanın Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğalda saxladığı, Xocalı, Qaradağlı və digər bu kimi tarixə qanlı hərflərlə yazılmış soyqırımlara görə cavab vermədiyi müddətcə nəinki erməni mahnılarını dinləmək, efirdən yaymaq və bunu normal hal kimi qiymət verən bəyanatlarla çıxış etmək ən azı şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndirilməlidir. Qeyd etmək istərdim ki, məkrli erməni siyasəti nəticəsində milli musiqimizdən mətbəximizə kimi, tarixi abidələrimizdən tutmuş mədəniyyətimizin bir çox sahələrinin erməniləşdirilməsi siyasətinin getdiyi bir dövrdə bu cür hərəkətlər yolverilməzdir və əleyhimizə işləməkdədir. Milli qəhrəmanımızın adını daşıyan, onun qanı bahasına ərsəyə gəlmiş və bu gun Azərbaycanda və xaricdə dinlənilən və rəğbətlə qarşılanan ANS ÇM-in bu addımı atması isə heç cür başa düşülən deyildir.

Vətəndaş cəmiyyətini təmsil edən bir qurumun rəhbəri olaraq ANS ÇM radiosunda gedən bu tarixi köklərə söykəınməyən və hər daim xalqımıza qarşı nifrət hissiilə yaşayan bir millətin müğənnilərinin mahnılarını xalqa sırımaq istəyinə son verilməsini ANS şirkətlər qrupunun rəhbərliyindən tələb etməklə yanaşı Milli Televiziya və radio Şurasını səlahiyyətlərindən istifadə edərək xalqın hissiyatı ilə oynamaq cəhdlərinin qarşısını almağa çağırıram.

Digər tərəfdən arzu edərdik ki, erməni müğənnilərinin təbliğatındansa, şirkət rəhbərliyi üstünlüyü Azərbaycan Respublikasının dövlət siyasətinə uygun olaraq erməni dilində verilişlər açmaqla milli marağların təbliğinə versin. Ümid edirəm, ANS Şirkətlər qrupunun rəhbərliyi tərəfindən tezliklə bu kimi addımlar, o cümlədən qurumun əməkdaşlarının məsuliyyətsiz bəyanatlarla çıxış etməsinin qarşısı alınacaqdır".

Rufiz Qonaqov: "ANS ÇM radiosu erməni mahnıları ilə xalqımızı qıcıqlandırmağa son qoymalıdır"

Beynəlxalq Münasibətləri Araşdırma mərkəzinin rəhbəri Rufiz Qonaqov hesab edir ki, hazırki şəraitdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, Ermənistan rəhbərliyinin sülh danışıqlarına pozucu fəaliyyətləri, təmas xəttində mütəmadi atəşkəsi pozması və mülki vətəndaşlarımıza, eləcə də, Milli Ordumuzun əsgər və zabitlərinə qarşı təxribatlar həyata keçirməsini nəzərə alaraq, ANS ÇM-in addımı qəbulolunmazdır: "Ermənilər xarici ölkələrdə belə bizim milli mədəniyyət nümunələrimizi, etnik yaradıcılıq xüsusiyyətlərimizi daşıyan maddi-mədəni abidələrimizi, musiqilərimizi, musiqi alətlərimizi və ümumilikdə musiqi mədəniyyətimizlə bağlı bir çox şeyi erməniləşdirməyə, başqa ölkələrdə öz adlarına çıxmağa çalışırlar. Düşmən ölkənin bu cür fəaliyyəti qarşısında Milli Qəhrəman və I Qarabağ müharibəsinin - erməni işağlı və erməni vəhşiliklərinin dünyaya çatdırılmasında əvəzsiz xidməti olan Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosunun bu cür hallara yol verməsi olduqca üzücüdür və buna öz təəssüfümüzü bildiririk.

Əlbəttə ki, ANS müstəqil teleradio şirkəti kimi öz fəaliyyətində qanun çərçivəsində azaddır. Lakin qanun və milli heysiyyatımız hər bir azərbaycanlıdan və onun rəhbərlik etdiyi qurumdan dövlətçiliyimizə, xalqımıza sədaqətli olmağı, dosta dost, düşmənə düşmən münasibət göstərməyi tələb edir. Mədəniyyətin və musiqinin milliyəti olmur, əlbəttə, bunlar ümumbəşəri dəyərlərdir. Lakin bu cür hərbi-siyasi vəziyyətdə erməni musiqisinin Azərbaycan efirində səsləndirilməsi məqsədli olub-olmamasından asılı olmayaraq, birbaşa erməni təbliğatıdır. ANS rəhbərliyinin nümayəndələri öz açıqlamalarında bildirirlər ki, burada narahat olası bir iş yoxdur, İrəvanda da Azərbaycan mahnıları səsləndirilir. Dərin təəssüflə ANS rəsmilərinə xatırlatmaq istəyirik ki, azərbaycanlılar işğalçı deyil və Ermənistanda Azərbaycan mahnılarının səsləndirilməsi də onlar üçün problem deyildir. Lakin ermənilər işğalçıdır və Azərbaycanda erməni mahnılarının səsləndirilməsi qəti şəkildə yolverilməz haldır. Bu fəaliyyətə davam etmək ANS rəhbərliyi tərəfindən çox kobud və böyük səhv olardı.

Eyni zamanda BMAM olaraq inanırıq ki, ANS rəhbərliyi bu məsələ ilə bağlı ictimaiyyətin münasibətini nəzərə alacaq, mövqeyini dəyişdirəcək. ANS ÇM radiosu erməni mahnıları ilə xalqımızı qıcıqlandırmağa son qoymalıdır".

Ruslan


Müəllif: