15 Aprel 2014 10:14

Yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcəkdir. Bu, dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin arasında olacaqdır, həm xarici görünüşü, həm daxili rahatlığı çox gözəldir, ən yüksək standartlara cavab verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaqdır. Bu, ölkəmizə bir giriş qapısıdır. Əlbəttə, yeni aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, tarixi hadisədir.

Teleqraf.com-un məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident bildirib ki, magistral yolların tikintisi qrafik üzrə davam edir. Biz burada da əsas diqqəti keyfiyyətə yönəltməliyik. Çünki magistral yollarımızın əksəriyyəti tikilib, indi işlər davam edir. Ancaq keyfiyyət ön planda olmalıdır.

Dəmir yolumuzun bərpası layihəsi aparılır, yeni vaqonlar, elektrovozlar alınmalıdır. Müvafiq göstərişlər verilibdir. Əlbəttə ki, dəmir yolumuzun inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir".

Prezident qeyd edib ki, bu ilin yay aylarında yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi artıq tamamlanmalıdır: "Bu, böyük bir layihədir. Ələtdəki liman Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olacaqdır. Qarşıya vəzifə qoyulubdur ki, bu ilin yayında artıq limanın birinci hissəsi istifadəyə verilsin. Ondan sonra ikinci mərhələdə işlər davam etsin.

Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan halda indiki dəniz limanı şəhərin mərkəzindən köçürüləcəkdir və onun yerində ictimai yerlər yaradılacaqdır. Onsuz da artıq o limandan Zığ istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Əlbəttə ki, oradan limanın mümkün qədər tez köçürülməsi imkan yaradacaq ki, tezliklə biz o zonanı da vətəndaşların sərəncamına verək. Oradan dəmir yolu xətləri də çıxarılacaqdır.

Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Yəni, onsuz da yeni beynəlxalq dəniz limanı yaxın zamanlarda tam fəaliyyətə başlayacaqdır. Amma heç olmasa, birinci mərhələni biz yay aylarında artıq istifadəyə verməliyik".

Dövlət başçısı vurğulayıb ki, şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir: "Metro tikintisi sürətlə gedir. Bildiyiniz kimi, biz metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. Buna nail olacağıq. Bütün işlər qrafik üzrə gedir. Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcəkdir. Bakıda yeraltı parkinqlər tikilibdir. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir".

Prezident vurğulayıb ki, Bakı gözəl, müasir, inkişafda olan şəhərdir: "Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək".


Müəllif: