5 May 2014 13:33
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü günorta çağlarında Türkiyənin xüsusi xidmət orqanları Ankarada, həbs edilən jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və uşaqlarının yaşadığı evdə axtarış aparıblar. Jurnalistin həyat yoldaşı Adilə Babaxanova Turan-a bildirib ki, mənzilə 11 nəfər gəlib. Ona deyiblər ki, axtarış Azərbaycan hakimiyyətinin sorğusuna uyğun olaraq aparılır.

Axtarış zamanı bir sıra sənədlər və elektron daşıyıcılar, o cümlədən jurnalistin qızının planşeti götürülüb. Bundan sonra Azərbaycan səfirliyinin nümayəndəsi mənzilə gəlib və jurnalistin xanımını sorğu-sual edib.

A.Babaxanova bu gün "Yeni Müsavat"a açıqlamasında bildirib ki, bu gün səhər saatlarında Azərbaycanın Türkiyədəki səfirliyindən ona yenidən zəng vuraraq dərhal səfirliyə gəlmələri tələb olunub: “Səhər saatlarında zəng vurub məni səfirliyə çağırdılar. Deyəsən, dünən götürülən sənədlərlə bağlı məni dindirəcəklər. Səfirlik məni vəkillə təmin etməlidir. Hazırda vəkilimin gəlməyini gözləyirəm. Çünki mayın 4-də səfirliyə gedən zaman məni orda 5 saat dindirdilər. Vəkilim olmadığı üçün dindirmə protokollarını imzalamaqdan imtina etmişdim”

Xatırladaq ki, Ermənistanın xeyrinə casusluqda ittiham edilən “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov 19 apreldə Türkiyədən deportasiya edilib. Onu Bakı hava limanında həbs ediblər. Xanımı və iki uşağı Türkiyədə qalıb. Son üç ildə jurnalist ailəsi ilə bu ölkədə yaşayırdı.

Turan Agentliyinin direktoru Mehman Əliyevin verdiyi məlumata görə, R.Mirqədirovun həyat yoldaşı Adilə Babaxanova Azərbaycanın Türkiyədəki səfirliyinin binasında 5 saata yaxın dindirilib. Bakıdan gələn müstəntiqlər tərəfindən aparılan dindirmə prosesində vəkil iştirak etməyib. Bütün bu müddətdə azyaşlı qızı da jurnalistin xanımının yanında olub. A.Babaxanova dindirmə protokollarını imzalamaqdan imtina edərək ona vəkil verilməsini tələb edib. M.Əliyev dindirmə prosesinin istirahət günü həyata keçirilməsini maraqlı məsələ saydı.


Müəllif: