15 Aprel 2014 12:51

Qurğu Xəzərin ekoloji təhlükəsizliyinə xidmət edəcək

“Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması ilə əlaqədar Pirşağı Çirkab sutəmizləyici qurğusu tikiləcək. Yeni qurğu istismara verildikdən və ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı suları təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək”.

Azərsu ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, Pirşağı Çirkab sutəmizləyici qurğusunun tikintisinə dair Azərbaycan Hökuməti ilə Koreya İxrac-idxal Bankı arasında kredit sazişi imzalanıb. Kredit sazişini Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə Bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalayıb.
Kredit sazişinin imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, ötən il icrasına başlanılmış və Koreya Hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70 %-dən çoxunun yerinə yetirilib.

Koreya İxrac-İdxal Bankının icraçı direktoru Yim Seonq Hyueoq təmsil etdiyi bankın infrastruktur layihələrinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Pirşağı Çirkab sutəmizləyici qurğunun tikintisinə dair Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında imzalanmış kredit sazişinə əsasən Pirşağı qəsəbəsində məhsuldarlığı 40 min kubmetr olacaq müasir tipli yeraltı çirkab su təmizləyci qurğunun tikintisi üçün 43,5 milyon dollar kredit ayrılacaqr. Bu vəsait ilk 10 ili güzəştli olmaqla 40 il müddətinə, illik 0,2 faizlə veriləcək.

SEVİL


Müəllif: