15 Aprel 2014 14:46
733

Divlər və pərilər. Demə dünya elə bu ikisindən ibarətdir – divlərdən bir də pərilərdən. Amma hansı məqamda, hansı hadisələrin hansı mərhələsində kim divə dönəcək, kim pəri qisməti yaşayacaq – bunu bir Allah bilir. Hər şeyə qadir olan və hər birimizin pənah yerimiz - Allah.

***

Xalid Hüseyninin hələlik son, üçüncü romanı – “Və dağlardan səda gəldi” - bizə yaxın, həm də uzaq olan Əfqanıstan həqiqətlərini söyləyir. Bu, Əlibala Hacızadənin bir vaxtlar əl-əl gəzən romanından tanıdığımız Əfqanıstan deyil. Bu, başqa Əfqanıstandır. Həm də bəlkə heç Əfqanıstan da deyil, sinəsi savaş meydanına dönmüş, qəlbi inləyən, yarası irinləyən bir şərq ölkəsidir. Hadisələr o qədər tipik, o qədər real ki...

***

Oxuduqca yadıma nələr düşür, nələr.. 1992-ci ilin axırları, 93-ün əvvəlləridir. Müstəqilliyin şirin dadını yeni dadsaq da hələ nə olmuşları real analiz eləyə bilirik, nə olacaqlar təsəvvürümüzdə canlanır. Bir yandan istiqlal eyforiyası, digər yandan cəbhədəki qan-qada. Erməni hücumu, qırılan əsgərlər, cəbhə bölgəsindən geri qayıdan şəhid tabutları, hər gün dəfn, hər gün matəm.. “Qrad” səsindən diksinib üzü bəri qaçan silahsız əhali, bir yandan da işsizlik, iqtisadi tənəzzül, açlıq, qıtlıq.. Babamı xatırlayıram tez-tez. Həmişə deyərdi – “Sizə nə var ki.. Səzin nəsil nə müharibə görüb, nə aclıq. O dəhşətləri biz görmüşük”. Kişi rəhmətlik deyə-deyə getdi. 80-lərin ortalarında o dünyasını dəyişdi, 80-lərin sonlarından bizdə vəziyyət döndü. Müharibəni də gördük, aclığı da, səfaləti də.

***

Jurnalist olaraq yaşadığım ən dəhşətli məqamı danışacağam. Qəzetdə məktublar şöbəsinin müdiriyəm. İnsanlar bəzən poçta da inanmayıb məktubları şəxsən gətirirlər redaksiyalara. Bir nəfər gəlir. Deyir elan vermək istəyir. Məzmununu soruşuram. Heç halı özündə deyil. Dərdini danışır. Döyüşdən təzə gəlib. Kontuziya alıb. Veziyyəti yaxşı deyil. Təkrar cəbhəyə qayıda bilmir. Səhhətinə görə qoymurlar. Arxa cəbhədə də özünə yer tapmır. 4 uşaq atasıdır. Nə özü işləyir, nə uşaqların anası. Qəzetə gəlməkdə də məqsədi elan verməkdi. Dörd uşaqdan heç olmasa birini, lap ikisini satmaq istəyir ki, o biri ikisi acından ölməsin. Ağlındakını dilinə gətirənə qədər gözünün dörd yerindən tökür. Əlindəki qəzet parçasını didim-didim eləyib masanın üstünə səpir. Rəng verib rəng alır. Adam əzab çəkir. Belə bir istəyi dilə gətirmək ən ağır cinayəti etiraf etmək qədər dəhşətli bir durum. Dinləyib fikrindən daşındırıram. Amma yazı hazırlayıram. Hər şey olduğu kimi ictimaiyyətin müzakirəsinə verilir. Çox keçmir həmin ailəyə yardım edən, iş verən də tapılır. Ataya üzqaralığı gətirən o niyyət də baş tutmur təbii. Divlərdən və pərilərdən ibarət dünya bu dəfəlik o ailəyə dəstək olur. Azərbaycan müharibəsində məhv olan ailələrdən birini uçurumun dibindən qaldırmaq mümkün olur. Yalnız birini. Ərazisində müharibə gedən ölkələrin elə hamısında vəziyyət eyni olur. Qan-qada, atəş səsləri, üstəlik aclıq, qıtlıq, səfalət. Xalid Hüseyninin dünyaca məşhur üçüncü romanında oxucunu ovsununa salıb aparan da eynən danışdığım real hadisəyə bənzər bir süjet xəttidir.

***

1952-ci il. Səhra gecəsi. Ata nağıl danışır. Abdulla ilə Pəri qorxulu divin nağılına qulaq asırlar. Nağılın özü divdən də qorxuludu. Nağıldakı ata balalarından birini divə bağışlayır. Ailəni xilas etmək üçün bağışlayır. Elə bu nağılın motividi çoxşaxəli roman boyu elə hey təkrarlanan. Hər dəfə qəhrəmanlardan biri öz doğmasını atır – biri şikəst qızını, biri xəstə ərini. Bir qəhrəman atıb çıxıb gedəndirsə başqa biri mütləq xilas edəndir. Hər atılmış insana dünya özü qahmar çıxır – pəri-insanların köməyi ilə, dağlardan gələn sədanın təsirilə - bu həm gen yaddaşıdı, həm zehniyyətin özüdü, həm vicdan, həm insanlıqdı. Və hər atılan insanın hekayəti özü boyda dərd, kədər, faciədi. Dağlardan, əslində insan var olduqca hər yerdən, hər yandan səsi-sədası gələn insanlıq, vicdan, zehniyyət nağılıdı bu. Xalid Hüseyninin yeni romanını oxuyun. Mütləq oxuyun.

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı