7 May 2014 09:52
859

Ali Məhkəmənin sədri Ramiz Rzayevin, həmçinin Rafiq Novruzovun və Könül Əliyevanın hazırladıqları ikicildlik “Rusca-azərbaycanca izahlı hüquq lüğəti” çapdan çıxıb.

Teleqraf.com-un məlumatına görə, lüğətin redaksiya heyətində təcrübəli hüquqşünaslar və dilçi-alimlər təmsil olunurlar. Bu kitab əvvəllər çap olunan lüğətlərdən mükəmməlliyinə və əhatə dairəsinin genişliyinə görə fərqlənir.

Əvvəlki iki lüğət (Bakı, “Nurlar”, 2012, 416 səh. və Bakı, “Nurlar”, 2012, 480 səh.) 18 minə qədər söz və terminoloji söz birləşmələrini əhatə edirdisə, bu iki cildlik lüğət müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini əhatə edən 33 mindən artıq söz və söz birləşmələrindən ibarətdir. Yeni lüğətin üstün cəhətlərindən biri də həmçinin təhsil, iqtisadiyyat, maliyyə, birja, sığorta, xarici ticarət və hərbi termin və anlayışları əhatə etməsidir. Lüğətdə Azərbaycan dilində işlənən hüquq terminləri ilə yanaşı dünya hüquq sistemində istifadə olunan termin və ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən klassik məfhumlar və yeni alınma sözlər öz əksini tapıb.

Bu günlərdə “Rusca-azərbaycanca izahlı hüquq lüğəti”nin I cildi oxucuların ixtiyarına verilib. I cild A-Н hərfləri ilə başlanan söz və söz birləşmələrini əhatə edir. Qeyd edək ki, O-Я hərfləri ilə başlanan söz və söz birləşmələrinin hüquqi izahını özündə birləşdirən lüğətin II cildi isə nəşriyyatdadır və çapa hazırlanır.

BƏXTİYAR


Müəllif: