7 May 2014 13:52
7 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim fətva vermək səlahiyyətim yoxdur”

“2013-cü ildə, Ramazan ayı günlərində artıq adını unutduğum KİV-lərdən biri məndən sırf şəriət mövzusunda geniş bir müsahibə götürmüşdü. Müsahibə zamanı verilən müxtəlif suallardan biri də cinsini dəyişməyə şəriətdə münasibətlə bağlı idi. Artıq bir ilə yaxındır vermiş olduğum müsahibəni bugünlərdə kontekstdən çıxararaq, təhrif edərək yayıblar”.

Bunu Teleqraf.com-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib. Son günlər onunla bağlı yayılan məlumatda qeyd olunur Hacı Şahin “kişi cinsini dəyişə bilər”, deyə bir fətva verib. KİV-lərin elektron ünvanlarına göndərilən və sosial şəbəkədə də yayılan bu məlumatın içində Hacı Şahinin kollaj olunmuş rəsmi və video müsahibəsindən bir epizod da yerləşdirilib.

Hacı Şahin deyib: “Bu bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin, biri sizdən soruşur ki, Bəxtiyar Vahabzadə “Ana” şeiri yazıb? Siz də deyirsiniz ki, bəli yazıb. Sonra o sualı verən deyir ki, buna bax, gör nə deyir. Deyir ki, filankəs filan şeiri yazıb. Məndən soruşulub ki, cinsi dəyişməklə bağlı şəriətdə bir şey yazılıbmı? Mən də cavab vermişəm, bəli, bəzi şəriət alimləri var ki, hansısa fiziki qüsuru olan, yəni hormonal dəyişikliyə məruz qalan insanların zəruri hallarda cinsini dəyişməyə icazə verirlər. Bu da müəyyən şərtlərlə ola bilər. Bunun əleyhinə də, lehinə olanlar da var. Yəni, biz burda hansısa bir fikrin tərəfdarı deyilik. Sadəcə sual verilib ki, filan kitabda filan şey yazılıbmı, mən də demişəm ki, bəli yazılıb. Məsələnin mahiyyəti bundan ibarətdir ki, bir insanda müəyyən yaş dövründən sonra hormonal dəyişiklik olur. O özünü nə qadın, nə də kişi kimi hiss edə bilir. Tibbi diaqnoz qoyulur və bu diskomfortu aradan qaldırmaq üçün bəzi din alimləri cinsiyyəti dəyişməyə icazə verir, bəziləri isə icazə vermir.

Bir daha qeyd etmək istəyirəm ki, məsələnin mahiyyəti bundan ibarətdir. Bu mənim mövqeyim deyil. Bəzi saytlar bunu “Hacı Şahin şok fətva verdi” kimi təqdim edirlər. Mənim ümumiyyətlə, fətva vermək səlahiyyətim yoxdur. Sadəcə, bizə müxtəlif məsələlər barədə suallar verilə bilər. Biz də həmin məsələyə münasibətimizin müsbət və ya mənfi olmasından asılı olmayaraq deyə bilərik ki, filan kitabda filan şey yazılıb. Yaxşı, tutaq ki, mən dedim ki, filan fikir yoxdur. Bununla həmin fikir olmayacaq? Bizim vəzifəmiz elmi suallara, şəriət suallarına cavab verməkdir. İstənilən sual ünvanlanırsa, biz sadəcə öz fikrimizi bildirmədən o kitabda nəyin qeyd olunduğunu deyə bilərik. Amma mənim öz şəxsi fikrimə qalanda bu tamam başqa şey ola bilər. Yəni, biz hər məsələyə öz münasibətimizi bildirmək məcburiyyətində deyilik”.

Hacı Şahin saytların elektron ünvanına göndərilən və sosial şəbəkədə yayılan kollaj olunmuş fotodan da danışıb. O qeyd edib ki, onların Azərbaycan dövlətçiliyi, məzhəblərin yaxınlaşdırılması naminə fəaliyyətləri kimlərisə narahat edir:

“Zaman-zaman müxtəlif insanlara qarşı bu cür “kompromatlar” mətbuata ötürülür. Düşünürəm ki, bu işi görən insanlar xeyir niyyət güdmürlər. Mən burada kənar təsirləri də istisna etmirəm. Yəni, bəzi xarici dövlətlər Azərbaycanda dini mühitə təsir göstərməyə cəhd edirlər. Bizim bunun qarşısında dayanmağımız da ola bilsin ki, kiminsə marağında deyil. Mənim verdiyim müsahibənin məqsədli şəkildə təhrif olunması, başqa şəkildə təqdim olunması ilə çalışırlar bizim nüfuzumuza xələl gətirsinlər. Amma artıq bizi Azərbaycan cəmiyyəti də tanıyır, bizimlə bağlı müəyyən bir təsəvvür formalaşıb. Düşünürəm ki, bu fəaliyyət hər hansı bir nəticəyə gətirib çıxarmayacaq. KİV-lər də məsələlərdə diqqətli olmalı, ötürülən hər bir məlumatı dərc edib fikir ayrılığı, çaşqınlıq yaratmamalıdırlar”.

Hacı Şahin bu cür məlumatların yayılmasına radikal cərəyanların, qeyri-ənənəvi məzhəblərin təsirinin olduğunu da istisna etməyib: “Çünki son dövrlərdə Azərbaycanda ənənəvi məzhəblərin inkişafına yönəlmiş siyasət, bizim tərəfimizdən bu istiqamətdə atılan addımlar, qeyri-ənənəvi, radikal cərəyanlara qarşı tutduğumuz mövqe bu tip məlumatların mətbuata ötürülməsinə səbəb ola bilər”.

Müsahibimiz ona qarşı qəfil həmlələrin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun işdən çıxarılması ilə bağlı olmadığını vurğulayıb: “Mən heç düşünmürəm ki, bunlar komitə sədrinin işdən getməsi ilə bağlı olsun. Çünki bizim istənilən halda dövlət qurumları ilə münasibətimiz var. Bu gün də dövlət komitəsi ilə münasibətlərimiz qalmaqdadır. Yəni, bu məlumatların yayılmasının onunla əlaqəli olduğunu qətiyyən düşünmürəm”.

Səxavət


Müəllif: