7 May 2014 15:56
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Çingiz Qənizadə hüquq müdafiəçisi Leyla Yunusa görə daxili işlər naziri Ramil Usubova müraciət edib.

Teleqraf.com xəbər verir ki, millət vəkilinin müraciətində deyilir: “Özünü hüquq müdafiəçisi adlandıran, əslində bu ad altında fəaliyyəti və yeganə marağı xarici təşkilatlar tərəfindən maliyyələşən müxtəlif layihələr reallaşdırmaqla özünə var-dövlət, sərvət əldə etməyə çalışan Leyla Yunus son vaxtlar özü haqqında əzabkeş bir obraz yaratmaqla məşğuldur. İstintaqı aparılan cinayət işi ilə bağlı şahid qismində prokurorluq orqanlarına dəvət edilmiş L.Yunus qanunlara hörmət etmək əvəzinə istintaqın çağırışından yayınmağa üstünlük verib və daha uzağa gedərək iki xarici ölkə səfirliyinin əməkdaşlarının müşayiəti ilə Bakı Beynəlxalq Hava Limanına gedərək ölkədən çıxmağa cəhd edib. İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyduğu üçün L.Yunusun bu arzusu reallaşmamış və o geri qaytarılıb. Növbəti gün onun evində qanunauyğun olaraq axtarış aparmağa gələn istintaq əməkdaşlarına köməklik göstərən polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər Leyla Yunus onları təxribata çəkməyə cəhd edib, polisə böhtan atmaqla yanaşı, gənc polis baş leytenantını əli ilə itələyib, onun xidməti baş geyimi olan papağını başından götürərək yerə atıb”.

Müraciətdə qeyd olunur ki, L.Yunus bu hərəkəti ilə nəinki polis əməkdaşını təhqir edib, həm də üzərində dövlət gerbimiz olan papağı yerə atıb: “Lyela Yunus bu hərəkəti ilə dövlətimizə olan münasibətini, "sevgisini" bir daha nümayiş etdirib. Bütün bunları L.Yunus bilərəkdən, qəsdən ona görə edib ki, polis ona qarşı zorakılıqla müşahidə olunan hərəkətlər etsin. Sosial şəbəkədə yayımlanan məlum videogörüntüdə Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbr və təmkin nümayiş etdirən həmin gənc polis baş leytenantının mükafatlandırılmasını Sizdən xahiş edirəm”.

Kəmalə


Müəllif: