10 May 2014 15:19
2 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir"

Bu gün mərhum prezident, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən prezident seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Bir çox deputatlar, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvləri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı: "Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizi, millətimizi, xalqımızı xilas edən dahi şəxsiyyət kimi, eyni zamanda dünya miqyasında Azərbaycanı tanıdan azərbaycanlı, xalqını sevən dövlət başçısı kimi yad edirik. Heydər Əliyev ümummilli liderimiz statusuna yüksəlmiş, xalqımız, millətimiz qarşısında böyük xidmətlər göstərmiş şəxsiyyətdir. Onun Azərbaycan xalqı qarşısındakı xidmətləri kifayət qədər çoxdur. Bunların sırasında müstəqil dövlətimizi quraraq onu daha yüksək səviyyəyə qaldırmasıdır. İkincisi isə qurduğu dövləti prezidentimiz cənab İlham Əliyevin simasında güclü, qətiyyətli liderə həvalə etməsidir. Prezidentimiz İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirir.

Qazandığımız nailiyyətlərə, ölkəmizin mövqeyini möhkəmləndirməsinə görə Heydər Əliyev siyasətinə, onun müəyyən etdiyi yola borcluyuq. H.Əliyev eyni zamanda milli dövlətimizin ideoloji təməl prinsiplərini yaradıb. Azərbaycançılıq ideyasını nəzəriyyədən praktikaya çevirib və bütövlükdə dünya azərbaycanlılarını müstəqil Azərbaycan ətrafında birləşdirməyə nail olub. Ona görə də onun xatirəsi xalqımızın yaddaşında daim qalır, çox böyük hörmət və izzətlə hər il onun ad günü bayram kimi qeyd olunur".

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov: "İllər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır. Əlbəttə, bu nailiyyətlər xalqımızın, dövlətimizin Heydər Əlyev yolunu böyük inamla davam etdirməsi nəticəsində qazanılır. Həqiqətən də, bizim bu gün yaşadığımız müstəqil Azərbaycan dövləti ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu əsər elə zamanda yarandı ki, illər boyu insanların qəlbində müstəqillik ideyaları hələ arzu səviyyəsində idi. Ulu öndər bu arzunu gerçəkliyə çevirdi. Mən həmişə demişəm və bir daha təkrar edirəm ki, Heydər Əliyev müstəqil dövlətimizin əsaslarını hələ Azərbaycan Sovetlər ittifaqının tərkibində olduğu vaxt yaratmışdı. 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndə təkcə Sovet rəhbərliyinin qərarları ilə respublikanı idarə etmirdi. O eyni zamanda, yeni bir ruhla, əzəmətlə Azərbaycanı azərbaycançılıq ideologiyası ilə yüksəltməyə başladı. İnsanların torpağına, Vətəninə bağlılığı bu ideologiya sayəsində daha da gücləndi. Mən uzun illər Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. İndi həmin dövrə geriyə baxdıqda ulu öndərin Azərbaycanı müstəqilliyə aparan yolda özünəməxsus addımlar atdığının hələ o zaman şahidi olmuşam və bu gün də onların təsdiqini görürəm. Məhz sovet dövründə respublika rəhbəri olmaqla bərabər Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq və milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz bu müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik. Hələ 1978-ci ildə Azərbaycan sovet respublikasının konstitusiyası qəbul edilərkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə Heydər Əliyev müstəqilliyin əsasını qoymuşdu. O zaman ittifaqın tərkibində olan respublikaların əksəriyyətində öz ana dillərinin dövlət dili kimi qəbul olunmasına əhəmiyyət verilmədi. Ulu öndər Heydər Əliyev bu məsələyə ona görə xüsusi əhəmiyyət verdi ki, Onun varlığında gələcək müstəqil Azərbaycan var idi. Ulu öndərimiz hələ sovetlər dövründə Azərbaycanı qarış-qarış gəzməyə də üstünlük verirdi. Bununla da o, əsl azərbaycanlı-rəhbər obrazını yaratdı".

"Ulu öndər cənab İlham Əliyevin arxasında getməyi tövsiyə etdi"

F.Heydərov qeyd edib ki, hər dəfə Azərbaycanın uğurlarını görəndə, Heydər Əliyevin parlaq siması gözümüzün önündə canlanır: "Bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulub. O cümlədən, müstəqil Azərbaycanda uğurlu siyasi institutun yaradılması, böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının təsis olunması da ulu öndərin böyük əməyinin, zəhmətinin, uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyevin qurucusu olduğu bu partiya Azərbaycanın həyatının bütün sahələrində fəaliyyətilə, cəmiyyətdəki yeri ilə böyük nüfuz qazanıb. Bu fəaliyyətin nəticəsidir ki, YAP dünya miqyasında nüfuzlu partiya kimi tanınır, onun bir çox nüfuzlu partiyalarla, eləcə də, siyasi partiyaların birləşdiyi təşkilatlarla sıx münasibətləri var. Son illər YAP-ın təşəbbüsü ilə bir çox böyük beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi buna sübutdur. Bütövlükdə isə, YAP dövlətçiliyimizin gələcək inkişafı naminə uğurlu siyasət həyata keçirməkdədir. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də gördüyü işləri, açdığı yolu məhz etibarlı əllərə tapşırması idi. Bu gün Azərbaycana Heydər Əliyevin ailəsində dünyaya gəlib onun tərbiyəsini alan, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab İlham Əliyev rəhbərlik edir. Hələ 2003-cü ildə "İlham Əliyevə özüm qədər inanıram" deyən Ulu öndərimiz xalqımıza cənab İlham Əliyevin arxasında getməyi tövsiyə etdi. Xalqımız da artıq 11-ci ildir ki, bu tövsiyəyə sadiqlik nümayiş etdirir və öz mövqeyində yanılmadığını göstərir. Məhz bunun nəticəsidir ki, 11-ci ildir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. İllər keçəcək, biz Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyev əbədi olaraq Azərbaycanda olacaq, onun siyasəti uğurla həyata keçiriləcək. Azərbaycanımız Heydər Əliyev siyasəti nəticəsində daha böyük nailiyyətlər qazanaraq dünya üçün nümunə olan bir dövlət kimi daim öz mövqeyini qoruyacaq".

"O, müasir Azərbaycan dövlətinin özüdür"

YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı: "Biz hamımız Heydər Əliyevin müasirləri olmuşuq, onu çox yaxından tanıyırıq. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, onun haqqında günlərlə danışsaq, yenə də qurtarmaz. O, müasir Azərbaycan dövlətinin özüdür, ölkəmizin milli ideologiyasını, xalqımızın milli məfkurəsini formalaşdırdı. Özü də təkcə müstəqilliyimizi qazandıqdan sonra deyil, hələ sovetlər dönəmində ulu öndərimizin SSRİ-də rəhbərliyi dövründə Azərbaycan xalqının gələcəkdə müstəqilliyə qovuşacağına əmin idi. Bilirdi ki, nə vaxtsa, uzaq olmayan tarixdə Azərbaycan xalqı bir müstəqil dövlətin vətəndaşı kimi yaşayacaq. Ona görə də çətin dövrlərdə ana dilimizin qorunub saxlanmasına, Azərbaycan türkcəsinin dövlət dili olmasına nail oldu. SSRİ-yə daxil olan respublikalarda ana dili dövlət dili olmadığı halda Azərbaycan dili ana dili kimi qaldı, dilimizin qorunması ilə də millətimizin, xalqımızın ruhu, milli şüuru, qan yaddaşı qorundu. Bugünkü qloballaşan dünyada bir millət kimi ayaq üstə durmağı bacaran xalqı formalaşdırdı. Zaman da göstərdi ki, ulu öndərimiz haqlı idi, müdrik addım atıbmış. Bu gün SSRİ-dən çıxan respublikaların bir çoxunda dillə, milli ideologiya ilə bağlı çox ciddi problemlər var. Ulu öndər təkcə 1993-cü ildə ölkəmizə rəhbərliyə gəldikdən sonra deyil, birinci hakimiyyəti dövründə də çox böyük işlər gördü".

"Dövləti qurdu, xalqı formalaşdırdı"

Deputat bildirdi ki, həyatımızda elə sahə yoxdur ki, Heydər Əliyev orada tarixə qızıl hərflə yazılacaq işlər görməsin: “O, bu dövləti qurdu, xalqı formalaşdırdı və çağdaş dövlətimizin müstəqilliyinə əbədilik, sarsılmazlıq, daimilik verdi. 1991-ci ildə Azərbaycan müstəqillik qazansa da, ölkəmizin müstəqilliyi çox kövrək idi. 20 faiz torpağımız işğal olunmuşdu, vətəndaş müharibəsi gedirdi. Şimaldan, cənubdan, okeanın o tayından çox ciddi təhdidlər gəlirdi. Ölkəmiz dünyanın ən çətin geosiyasi coğrafiyasında yerləşən dövlətdir. Azərbaycanı idarə etmək o qədər də asan deyil. Tarix boyu dünyanın super dövlətlərinin maraqlarının toqquşduğu bir məkandadır. Ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malik olduğu üçün Azərbaycana dost niyyətlə baxmayan qüvvələr olub. Bu qüvvələrin bəzən öz maraqlarını ölkəmizin ərazisində gerçəkləşdirmək üçün maraqları toqquşub və nəticədə xalqımız əziyyət çəkib. Heydər Əliyev məhz geosiyasi kataklizmlərin qarşısını ala biləcək şəxsiyyət idi. Heydər Əliyev Azərbaycan xalqının özüdür. 10 ildir fiziki cəhətdən aramızda olmasa da, o, daha yaxındır. Xalqımız əldə olunan bütün nailiyyətlərə görə Heydər Əliyev siyasətinə borcludur. Bu gün bu siyasətimizə möhtərəm prezidentimiz, böyük dövlət adamı, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, siyasi kursunun davamçısı və varisi İlham Əliyev rəhbərlik edir. Allah Heydər Əliyevə rəhmət eləsin! İllər və zaman keçəcək, Heydər Əliyev siyasətinin, həqiqətən də, alternativsiz, xalqı qurtuluş və işıqlı gələcəyə aparan yol olduğu bir daha təsdiqlənəcək”.

“Müstəqilliyimizə səs verdi”

Millət vəkili Vahid Əhmədov: “Tale elə gətirib ki, 1980-85-ci illərdə və 1990-1995-ci illərdə Heydər Əliyevlə bərabər işləmişəm. Heydər Əliyev Azərbaycan ictimai-siyasi tarixində xüsusi rolu və yeri olan insandır. Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, inkişafında böyük rolu olub. 1991-ci ildə müstəqillik elan olunmamışdı, SSRİ-nin saxlanması ilə əlaqədar martın 17-də referendum keçirilirdi. Onda Ali Sovetin 365 deputatı iştirak edirdi. Onlardan 43 nəfəri, o cümlədən mən və Heydər Əliyev SSRİ-nin saxlanması ilə əlaqədar referendum keçirilməsinin əleyhinə səs verdi. 365 deputatdan faktiki olaraq müstəqilliyə səs verən 43 deputatdan biri də Heydər Əliyev idi. Xüsusilə respublikada ciddi problemlər yaranmasın deyə atəşkəsin elan olunması, 1994-cü ilin 20 sentyabr tarixli müqavilə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün əhəmiyyətli layihələr idi. Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm”.

“Dövlətçiliyimizi xilas etdi”

Milli Məclisin üzvü, professor Musa Qasımlı: “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var. Dünya tarixində ikinci dəfə hakimiyyətə qayıdan dövlət adamları çox azdır. 1945-ci ildə Uinston Çölçill seçkiləri uduzub hakimiyyətdən getdi, 1951-ci ildə yenidən seçkiləri udaraq Böyük Britaniyanın baş naziri oldu. Fransa prezidenti Şarl de Qoll da ikinci dəfə hakimiyyətə gəldi. Heydər Əliyev də Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlmiş siyasi xadimdir. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanda milli ruh, milli-mənəvi yüksəlişin olduğu illərdir. Xarici tarixçilər yazırlar ki, Şimali Azərbaycan işğal edildikdən sonrakı bütün dövr ərzində, müstəqilliyə qədər Azərbaycan xalqı Bakıda özünü iki dəfə inamlı hiss edib. Birinci dəfə 1918-ci ildə Qafqaz İslam Ordusu Bakının azad etdikdən sonra, ikinci dəfə isə 70-ci illərdə Heydər Əliyevin hakimiyyəti dövründə. Heydər Əliyev Sovet sistemi şəraitində Azərbaycanın inkişafına nail olan, onu müsəlman şərqi ölkələri üçün modelə çevirən bir dövlət adamıdır. O, Sovet İttifaqını idarə edən görkəmli Azərbaycan dövlət xadimidir. Heydər Əliyevin fəaliyyəti ilə bağlı Azərbaycan, SSRİ və müstəqil Azərbaycan çərçivəsində danışmaq olar. Heydər Əliyev həm Azərbaycan Sovet Sosial Respublikasının rəhbəri, həm də müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olub. Onun 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətçiliyi xilas edildi, dağılmanın qarşısı alındı, yeni milli ruh gəldi. Dağılmış dövlət strukturu bərpa edildi. Azərbaycan ordusu yenidən quruldu, qiyamların qarşısı alındı, ölkədə islahatlar həyata keçirildi. İlk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Orada Xəzərin Azərbaycan sektoru Azərbaycan ərazisi kimi təsbit olundu. Əsrin müqaviləsinə imza atıldı, böyük beynəlxalq layihələr həyata keçirildi. Bakı-Tiflis-Ceyhan neft boru kəməri təkcə iqtisadi layihə olmadı, Azərbaycanın müstəqillik kəməri oldu. Nəqliyyat təhlükəsizliyimizin təmin olunması sahəsində ciddi addımlar atıldı. Ölkəmiz neft və qaz paylaşdırıcı ölkə olaraq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Heydər Əliyev dünyanın və regionumuzun geosiyasətini dəyişən lider oldu, məhz onun səyləri ilə və böyük dövlətlərlə əməkdaşlığın nəticəsində Azərbaycan Orta Asiya ölkələrinin Avropaya çıxışı üçün tranzit rol oynamağa başladı. Bununla da əslində Mərkəzi və Xəzər regionunun geosiyasətində böyük dəyişiklik əmələ gəldi. Heç şübhəsiz, Heydər Əliyev haqqında nə qədər yazılsa da, filmlər çəkilsə də, bunlar onun fəaliyyətini tam ehtiva etməyəcək. Bunun üçün ən yaxşı vasitə onun nitqləri, əsərləri, çıxışları və müsahibələridir. Fikrimcə, Heydər Əliyevin irsinin öyrənilməsi müstəqil Azərbaycan dövlətçiliyi üçün gərəklidir”.

“Heydər Əliyevin aramızda olmaması bəşəri itkidir”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı: “Müasir Azərbaycan dövlətçiliyi birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir. XX yüzilliyin bəşəriyyət qarşısında böyük missiyasını öz üzərinə götürüb həyata keçirə biləcək Tanrı seçimi idi. Heydər Əliyevin bu gün aramızda olmaması bəşəri itkidir. Azərbaycan ikinci dəfə 20-ci yüzillikdə yaranmış müstəqillik şansından istifadə edib öz müstəqilliyinə nail oldu. Lakin 1990-cı illərin əvvəllərində əldə olunan bu müstəqillik hakimiyyətdə olan AXC və Müsavat cütlüyünün səriştəsizliyi və bacarıqsızlığı ucbatından çox ağır duruma düşdü. Ölkədə bütün sahələrdə siyasi, iqtisadi, hərbi böhran baş verdi və faktiki olaraq Azərbaycan dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Son dərəcə fəlakətli bir durumda Azərbaycan xalqı böyük müdriklik göstərərək ulu öndərimiz Heydər Əliyevi Naxçıvandan Bakıya siyasi hakimiyyətə gəlməsi tələbini ciddi şəkildə ortaya qoydu. Vəziyyətin mürəkkəbliyini başa düşən həmin dövr hakimiyyəti Azərbaycan xalqının iradəsi qarşısında təslim oldu və Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinə özü də vasitəçilik etdi. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və beləliklə, Azərbaycan xalqında böyük ümidlər yarandı. H.Əliyev Azərbaycanda siyasi fəallığı ilə prezident seçildikdən sonra təkbaşına faktiki olaraq heç bir komanda olmadan Azərbaycan xalqını iradəsinə söykənərək müasir Azərbaycan dövlətinin əsaslarını qurmağa başladı. İlk növbədə geniş miqyas alan Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq üçün Azərbaycan xalqına müraciət etdi və onun müraciətinə əsasən minlərlə, on minlərlə soydaşımız silaha sarılaraq Ermənistana qarşı hərbi əməliyyatlarda fəal iştirak etdilər. Ermənistan ilk dəfə olaraq Horadiz, Beyləqan istiqamətində çox böyük və ağır itkilərə məruz qalaraq geri çəkilməli oldu. Daha sonra atəşkəs elan olundu. Ulu öndərimizin də niyyəti atəşkəslə Azərbaycanı özünə gəlməsinə və hərbi quruculuğa diqqət etmək, eyni zamanda bütün beynəlxalq güclərin diqqətini işğal olunmuş torpaqların azad olunmasına yönəltmək və mümkün olsa problemin sülh yolu ilə həllinə nail olmaq idi. Azərbaycanda müasir dövlət quruculuğunun başlaması, hüquqi, siyasi, iqtisadi, sosial islahatların aparılması, Konstitusiyanın qəbul olunması, Milli Məclisə seçkilərin keçirilməsi qarşıya məqsəd qoyulmuşdu. Eyni zamanda ölkədə ayrı-ayrı adamların ətrafında birləşmiş olan hərbi qruplaşmaların fəaliyyətinə son qoymağa nail oldu. 1990-cı illərin ikinci yarısından Azərbaycanda dövlət quruculuğu prosesi sürətlə başladı və ulu öndərimiz qısa zaman kəsiyində müasir Azərbaycan dövlətinin ciddi əsaslarını qurdu və onu yaratdı. Azərbaycan güclü dayaqlara söykənmiş olan müasir hüquqi, dünyəvi, demokratik dövlətin yaranması prosesini yaşadı. Bütün bunlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, müasir Azərbaycanı onun şah əsəri adlandırırlar. Bu ifadə tamamilə Heydər Əliyevin siyasi fəaliyyətinin məntiqinə söykənir”.

NƏRGİZ


Müəllif: