11 May 2014 09:54
725

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanına başlanılır.

Teleqraf.com TQDK-nın saytına istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 33 binada keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənədi - şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.


Müəllif: