11 May 2014 10:35
554

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər.

Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.

Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyətin qarşısında konsert proqramı təşkil edilib, əsgərlərin valideyinləri ilə görüşləri və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub.


Müəllif: