13 May 2014 09:57
2 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucuz ayaqqabılar insanları qorxulu xəstəliklərə doğru aparır

Ayaqqabının, necə deyərlər, su qiymətinə olduğu yerlərə, yəqin, siz də rast gəlmisiniz. Özü də görünüş, forma baxımından dəbdə olan bahalı ayaqqabılardan geri qalmır. Keyfiyyətindən xoş söz demək mümkün olmasa da, ölkəmiz bu ucuz məhsullar üçün potensial müştərisi olan yer sayıla bilər. Belə olmasaydı, 5-7 manatlıq ayaqqabılar təklif edən mağazaların sayı gündən-günə artmazdı.

Baxmayaraq ki, əksər dünya ölkələri bu malların təhlükəli olması barədə həyəcan təbili çalır və artıq onların satışından imtina edib.

Metronun "20 Yanvar" stansiyasındakı ucuz ayaqqabı mağazasına daxil oluruq.

- Ayaqqabı neçəyədir?
- Beş manata.

- Bəs yay ayaqqabıları?
- Gördüyünüz bütün ayaqqabılar 5 manatadır.

- Niyə belə ucuz?
- Bunlar hamısı şəhərdəki dəbdəbəli mağazalarda 50 manata qoyulan ayaqqabılardandı. Orada yer qəşəngdi deyə ayaqqabılar da qəşəng görünür.

- Orada 50 manatdırsa, siz niyə 5 manata veririsiz?
- Onlarda icarə haqqı bahadır, şəhərin mərkəzidir, həm də məlum məsələdir ki, artıq pul qazanmaq istəyirlər. Onsuz da hamı bilir ki, Bakıda təmiz dəri ayaqqabı yoxdur.

Belə mağazalardan biri də 8-ci mikrorayon ərazisində - Cəfər Xəndan küçəsində yerləşir. Burada ilin bütün fəsillərində qələbəlikdir. Zirzəmidə yerləşdiyi üçün nə mağazanın darısqallığı, nə də əlverişsiz şəraiti bura gələnləri çəkindirmir. Çünki qiymətlər ucuzdur. 5 manata yay üçün, 7 manata yaz-payız ayaqqabıları, 15 manata isə qış çəkmələri satılır.

Çin malı, kasıb malı...

Satıcı Elman müştəri sarıdan korluq çəkmədiklərini deyir: "On beş ilə yaxındır burada işləyirik, müştərilərimizdən də narazı deyilik. Qiymətlər ayaqqabının mövsümünə görə 5-7-15 manat arasındadır. Gün ərzində 40-50 cüt ayaqqabı satırıq. Mövsüm yeni başlayanda satış yüksək olur".

Bildirək ki, ucuz malların əksəriyyəti məşhur ayaqqabı brendlərinin saxta formasıdır. Bunu satıcı Elman da təsdiqləyir: "Bu malların keyfiyyətlisi, Türkiyə, Almaniya, Dubay istehsalı hələ topdansatış nöqtələrində 25-30 manatdır. Onu da kasıb heç zaman ala bilmir".

Malları haradan və neçəyə aldıqları barədə satıcı bir söz deməsə də, mağazanın qarşısında dayanan taksi sürücülərindən məlumat ala bildik. Birinə yaxınlaşan kim hər şey məlum olur: "Çox vaxt elə mənim maşınımla gətirirlər malı. Hamısını "Sədərək" yarmarkasından götürürük. Bunlar birbaşa çinlilərin özündən alırlar deyə ucuz başa gəlir. Birinci əldən malı kilo ilə alırlar. Orada da danışırlar ki, Çində tonla satılır. Tonu 300 dollara. Ayaqqabının bir cütü burada 1-2 manata başa gəlir. Çin malı da olsa, kasıb malıdır".

Alıcılar da satıcılarla eyni fikirdədirlər. Beləliklə, Çin iqtisadiyyatı öz sözünü deyir, sağlamlığımız bahasına olsa belə.

Çünki ucuz ayaqqabılar bəzən sizi həkimlərdən asılı vəziyyətə sala bilər. Tibb işçiləri və ekspertlər deyir ki, bu cür ayaqqabını sağlam ayaqla geyib xəstə ayaqla çıxarda bilərsiniz.

Ucuz ayaqqabı geyinənlərin sayı çoxalıb

Həkim dermatoloq Fərid Fərəcovun sözlərinə görə, artıq əksər ölkələrdə Çində istehsal olunan ayaqqabıların tərkibində xlor vinilin adlı maddənin mövcudluğu sübut olunub: "Bu maddənin yaratdığı buxar nəfəs yolları vasitəsilə insanlarda hətta ağır xəstəliklərə - xərçəngə də yol aça bilər. Bu, ehtimal sayılsa da, son zamanlar göbələk xəstəliyinin ən ağır və nadir törəmələrinin çoxalması faktdır. Bu, həm də keyfiyyətsiz ayaqqabı geyinənlərin sayının artdığını göstərir.

Keyfiyyətsiz ayaqqabının qurbanı olan pasiyentlərimiz çoxdur. Həssas dərili insanlar daha çox əziyyət çəkir. Hazırda isti fəslə doğru gedirik. Bu fəsildə ayaqqabılar daha vacib geyim olmalıdır. Onları corabsız ayaqda daşıyırıq, daha uzun müddət gəzintidə oluruq.

Ayaqqabılarımız rahat olmalı, ayağımız tərləməməlidir. Ucuz ayaqqabı geyinən zaman dəridə ucuz məhsulun törətdiyi müxtəlif dəri xəstəliyi meydana gələ bilər, ya ucuz material səbəbindən pis qoxu yaranır. Qaşıntı, qızartı, sulu yara, ardınca bu daha ağır formaya keçir. Hər bir ayaqqabı dərinin nəfəs almasına imkan verməlidir. Bunun üçün dəri olmasa belə, materialı zərərsiz ayaqqabı geyilməlidir".
Həkim xüsusilə, valideynləri uşaqlara ayaqqabı alarkən diqqətli olmağa çağırır: "Zərərli, plastik, rezin materialdan hazırlanmış ayaqqabı almaqdan çəkinmək lazımdır. Uşaq ayaqqabıları ortopedik, yəni ayağın alt hissəsinə dəstək verən formada olmalıdır. Azyaşlıların inkişaf etməkdə olan pəncə quruluşu zərər görməsin deyə, ayaqqabıların ortopedikliyi vacibdir. Yoxsa uşaq böyüyəndə ayağının altı yastı olur, diz oynağında da əyrilik başlayır. Deffekt yaranmasın deyə biz məsləhət görürük ki, ortopedik ayaqqabılardan istifadə olunsun".

"Satışdakı ayaqqabıların 80 faizi saxtadır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə satılan ayaqqabıların 80 faizinin saxta olduğunu deyir. Onun sözlərinə görə, ayaqqabılar Azərbaycanda tikilir, saxta markalarla satılır.

Ekspert bildirir ki, başqa ölkələrdən brend marka adı altında gətirilən ayaqqabılar da dəri deyil: "Onlar da təmiz dəri deyil, əvəzedicidir. O malların sertifikatı olmalıdır və satıcı bunu tələb etməlidir. Çox vaxt bəhanə gətirirlər ki, alıcı tələb etmir deyə sertifikatı üzə çıxarmırıq. Sizi inandırım ki, onların heç birinin heç sənədi də yoxdur. Özləri də yaxşı bilirlər ki, alıcılar bunu onlardan tələb etməyəcək. Amma aidiyyəti qurumlar bu işdə vətəndaşların tərəfində olmalı, məhsul haqqında məlumatlı şəxslərlə daim monitorinq aparmalıdır. Axı, müştəri nəyə görə dəri adı ilə keyfiyyətsiz məhsul almalıdır?"

Dermantinlə dərini ayırd etməyin yolu

"Bəs görəsən, aldanmamaq üçün ayaqqabının hansı özəlliklərinə diqqət yetirmək gərəkdir?" Sualın cavabını "POPPY gallery" mağazalar şəbəkəsinin satış üzrə meneceri Ruslan Əliyev cavablandırdı. Müsahibimiz deyir ki, ümumiyyətlə ayaqqabı yalnız dəridən və təbii parçadan olmalıdır: "Ayaqla təmasda olan geyimlərin təbii tərkibli olması mütləqdir. Amma ayaqqabının təkcə üzəri deyil, içərisi də təbii materialdan tikilməlidir. Əksər şirkətlər ayaqqabının üzərini dəri əvəzedicisindən, alt hissəsini isə rezindən hazırlamaqla istehlakçıları aldadırlar".

Ekspert dəri ilə dermantini ilk baxışdan ayırd etməyi mümkün saysa da, ayaqqabı bazarında baş verənlərdən məlumatsız birinin aldanmasının asan olduğunu söylədi: "Dəri ayaqqabının içərisi çıxıntılı-tüklü olur. Əgər dəri ayaqqabını əl ilə əzdikdə sonra yenidən formasına qayıdırsa və xətt kəsmirsə, ayaqqabı kifayət qədər keyfiyyətli sayıla bilər".

Ölkədə dəri ayaqqabıların olmadığı barədə deyilənlərə gəlincə, müsahibimiz bunları söylədi: "Elə mağazalar şəbəkəsi var ki, onlar ölkə xaricində istehsalla məşğuldur, onların məhsulu orijinal sayıla bilər. Çünki buna görə şirkət məsuliyyət daşıyır. Tutaq ki, həmin şirkətin Azərbaycanda saxta məhsul satmağına reaksiya yoxdur, amma digər ölkələr də var, axı. Lakin ölkə daxilində fəaliyyət göstərən sexlərin onların fəaliyyəti həqiqətən araşdırılmalıdır".

Bu arada bildirək ki, ayaqqabı barədə müştərini məlumatlandırmaq satıcının borcu olsa da, təəssüf ki, əksər mağazalarda məlumatlı çox az sayda satıcı tapılar. Onlara isə ancaq brend məhsullar satılan mağazalarda rast gəlmək mümkündür.

Yerli-yersiz məhsullarımız

Ölkədə yarım-gizli trikotaj və ya ayaqqabı sexlərinin fəaliyyət göstərdiyi məlumatları geniş yayılsa da, onların istehsalı daxili bazara yerli məhsul adıyla çıxarılmır. Təkcə "28 May" metrosu ətrafındakı ayaqqabı mağazalarına baş çəkmək dediklərimizin sübutuna kifayət edər. Hətta satıcılar belə, sex ayaqqabısı adı altında satdıqları məhsulun hansı şirkətə məxsus olduğunu bilmir.

Hazırda sovet vaxtının ayaqqabı fabriklərinin təməlində qurulmuş ayaqqabı istehsalçıları da var. Bunlardan biri də "BOT" adlı ayaqqabı fabrikidir. Bu, keçmiş 4 saylı ayaqqabı fabrikinin əsasında yaradılıb və onun rəsmi saytından məlum olur ki fabrikdə gündəlik, klassik, idman, hərbi üslubda ayaqqabılar istehsal olunur. Amma satış mağazalarında istehlakçılara bu barədə bilgi verilmir.

İqtisadiyyat və Sənaye Nazirlyindən də yerli fabriklərin fəaliyyət göstərdiyini dedilər. Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, yerli məhsullar çox reklam olunmasa da, beynəlxalq sərgilərdə nümayiş etdirilir: "Bu ayaqqabılar keyfiyyətinə görə xarici məhsuldan geri qalmır. Sözsüz, bu sahədə yerli istehsalı daha da gücləndirmək lazımdır. Bu sahədə nazirlik sahibkarların təkliflərini dinləməyə hazırdır".

Nazirlikdən onu da bildirdilər ki, ayaqqabı biznesinin inkişafı üçün sahibkarlar Sahibkarlığın İnkişafına Kömək Fonduna müraciət edə bilər. Yəni, ayaqqabı istehsalında iş adamları özləri maraqlı olmalıdır... Sağlam, möhkəm, ziyansız ayaqqabılar olmasa, biz uzağa gedib çıxa bilmərik. Hər mənada...

Naibə Qurbanova


Müəllif: