16 Aprel 2014 13:54
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər bu kateqoriyadan olan şəxs “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.

Beləliklə də, 2014-cü ilin 01 yanvar tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 200 nəfəri avtomobillə təmin olunub və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaq.

Avtomobillərin açar və sənədlərinin təqdim olunması zamanı Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanların rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Bu təbəqədən olan vətəndaşların dövlət hesabına mənzillə, minik avtomobili ilə təminatı, onların maddi təminatının gücləndirilməsi sahəsində görülən işlərdən danışılıb. Qeyd olunub ki, bu gün verilən maşınlar da daxil olmaqla minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür.

Tədbirdə ürək sözlərini ifadə edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından razılıqla söz açıblar. Onlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə sosial müavinətlərin cari ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara növbəti Prezident qayğısı olduğunu vurğulayıblar. Bu gün verilən avtomobillərin onların həyatına rahatlıq gətirəcəyini qeyd edən əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

BƏXTİYAR


Müəllif: