13 May 2014 19:47
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində, həmçinin Azərbaycan Texniki Universitetində SABAH qrupları ilə bağlı təqdimat keçirib. Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev ilə Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov SABAH qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıblar.

Təqdimatda bildirilib ki, SABAH qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. Bu qrupa qəbul olan tələbə oxuduğu ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu ali təhsil müəssisəsinə köçürüləcək. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyəcək. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı tələbələr və müəllimlər vahid məkana gətiriləcək.

SABAH qrupunda təhsil alan tələbələr üçün xüsusi proqram əsasında tədris təşkil ediləcək. Bu zaman ingilis dilinin və əsas fənlərin tədrisinə əhəmiyyətli yer veriləcək. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşlərinin təşkili də planlaşdırılıb. Bu, SABAH qrupunun tələbələrinin gələcək karyera imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

SABAH qruplarının üstünlükləri tələbələrdə böyük maraq doğurub. Təqdimatda bildirilib ki, SABAH qruplarında təhsil alan tələbələr ödənişli və ya dövlət hesabına oxumasından asılı olmayaraq xüsusi təqaüd alacaqlar. Aztəminatlı tələbələr isə yataqxana və yeməklə təmin olunacaqlar.

Təqdimatdan sonra Təhsil Nazirliyinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Qeyd edək ki, mayın 12-dən iyunun 12-dək www.sabah.edu.az internet saytı vasitəsilə SABAH qruplarına elektron ərizə qəbulu keçirilir. Iyulun 1-dən 15-dək isə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət imtahan mərhələsi olacaq. Bu mərhələləri uğurla başa vuranlar müsahibəyə dəvət olunacaq.

NİGAR


Müəllif: