2 Fevral 2015 22:15
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 2 Fevral - Gənclər Günü münasibəti ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Buta Palace"-da təşkil olunan tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri, gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə gənclər sahəsində görülən işləri və həyata keçirilən layihələri əks etdirən hesabat xarakterli videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan gənclər və idman naziri Azad Rəhimov deyib ki, ümummilli lider Heydər Əliyevin Gənclər Gününü təsis etdiyi vaxtdan 18 il ötür.

A.Rəhmov vurğulayıb ki, bu illərin hər biri dövlət tərəfindən gənclərə göstərilən qayğı və diqqət, gənclərin uğurları ilə yadda qalıb: “2014-cü il olduqca işgüzar, dolğun və uğurlu keçib. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin Gənclər Mükafatı təqdim edilib. Ölkəmizdə Gənclər siyasəti üzrə Qlobal Forum keçirilib. Dünyanın 165 ölkəsindən 700-dən artıq iştirakçısı olan bu Forum bir daha onu sübut etdi ki, digər sahələrdə olduğu kimi, dövlət gənclər siyasəti sahəsində də Azərbaycan böyük uğurlar əldə edib”.

Nazir qeyd edib ki, Bakının Xəzər, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Naxçıvan və Sumqayıt şəhərlərində, Beyləqanda “Gənclər evi” istifadəyə verilib: “Daşkəsən rayon Gənclərin təlim və istirahət Mərkəzi” inşa edilib və 17 oktyabr tarixində cənab Prezidentin iştirakı ilə mərkəzin açılışı keçirilib. Beləliklə gənclərə sosial xidmət göstərən müəssisələrin sayı 31-ə çatıb”.

A.Rəhimov gənclər sahəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən söz açaraq bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirildiyini qeyd edib. O, gənclər arasında Azərbaycanın tarixi və mədəniyyətinin, dahi şəxslərinin tanıdılması məqsədilə ölkədə ilk dəfə tarixi rekonstruksiya formatında festivallar keçirildiyini vurğulayıb.

Nazir 2014-cü ildə 156 irimiqyaslı tədbir keçirildiyini, onlardan 34-nün beynəlxalq səviyyəli olduğunu qeyd edib. A.Rəhimov onu da əlavə edib ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının hazırlıq prosesi uğurla davam etdirilir. Onun sözlərinə görə, oyunlarda 18 min gənc könüllü qismində iştirak edəcək.

Daha sonra elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Həsənov Elnur Lətif oğluna, Hüseynov Seymur Elşad oğluna, Xəlilov Zafiq Zakir oğluna, Novruzova Xədicə Sahib qızına, Sadıxlı Fərid İlqar oğluna və Seyidova Ceyla Uran qızına Prezident mükafatı təqdim olunub.

Sonra İsmayıllı rayonu Azərbaycanın gənclər paytaxtı elan edilib. Daha sonra isə tədbir bədii hissə ilə davam etdirilib.


Müəllif: