3 Fevral 2015 15:33
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 3-də Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar.

Maliyyə naziri Samir Şərifov dövlətimizin başçısına burada aparılan işlər barədə məlumat verdi.

Əvvəllər bu ərazidən neftlə çirklənmiş torpaqların və məişət tullantılarının atılma məntəqəsi kimi istifadə olunub. Ötən ilin sentyabrından 16 hektar ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, torpaq qatı təmizlənib. Ərazinin 6 hektarında sürücülər üçün Təlim Mərkəzi yaradılır. Burada praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən yollar salınıb. Bu yollarda xüsusi döngələr və maneələrin yaradılması, müxtəlif yol şəraitini imitasiya edən avadanlığın quraşdırılması nəzərdə tutulur. Mərkəzdə minik və yük avtomobilləri, iritutumlu avtobuslar və motosiklet sürücüləri üçün peşəkar mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi planlaşdırılır. Yol hərəkəti təhlükəsizliyi üzrə təlim-tədris mərkəzi sürücülər üçün fərdi uyğunlaşdırılmış təlim proqramı təklif edir. Bunun da nəticəsində yolda hərəkət zamanı sürücülərin məsuliyyəti, diqqəti və təcrübələri artır. Bu məqsədlə tədris zamanı 5 təlim modulundan istifadə olunur. Burada 9 hektar ərazidə bir inzibati və dörd xidməti bina inşa edilir. İnzibati binada ümumi idarəetmə, mühasibatlıq, nəqliyyatın idarəetmə mərkəzi, treninq sinifləri, yeməkxana və digər inzibati otaqlar olacaq. Mərkəzdə, həmçinin sürücülərin tibbi yoxlama otağının, daxili dispetçer xidmətinin, işdən sonra avtobusları qəbuletmə və yoxlama məntəqəsinin yaradılması da nəzərdə tutulur. Layihəyə uyğun olaraq inşa edilən yanacaqdoldurma məntəqəsi, həmçinin təmir və texniki baxış binası da müasir səviyyədə qurulur. Burada bütün növ təmir və texniki baxışın həyata keçirilməsi mümkün olacaq. Binada 12 avtobusa eyni zamanda təmir və xidmət göstəriləcək. Burada işləyəcək ustalara avtobus istehsalçıları tərəfindən xüsusi treninqlər və peşəartırma kursları təşkil ediləcək. Binada növbəli iş rejimində çalışan usta və əməkdaşlar üçün istirahət otaqları da yaradılacaq. Ekoloji məsələlərə xüsusi diqqət yetiriləcək. Avtoyuma məntəqəsində işlənmiş suyun və ümumilikdə, ərazidə yağış sularının 85 faizi xüsusi qurğuda təmizlənərək təkrar istifadə ediləcək. Layihə fevralın sonunadək yekunlaşdırılacaq.

Ümumilikdə, “Bakubus” MMC-də 900-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. İşçilərin 650 nəfərini sürücülər təşkil edəcək. Avtobus parkı fəaliyyətini beynəlxalq təcrübəyə əsasən quracaq. Sürücülərə xüsusi geyim formaları veriləcək, avtobuslar şəhərə çıxmazdan əvvəl texniki baxışdan keçiriləcək.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi.

Layihə dövlətimizin başçısının “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilir. Burada işlərin görülməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Qısa müddətdə gölün mühafizəsi təmin olunub, buraya məişət tullantılarının atılmasının qarşısı alınıb. Layihə çərçivəsində çirklənmə mənbələrinin, istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab suların təmizlənərək buraya axıdılması, dib çöküntülərinin zərərsizləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur. Beləliklə, gölün ərazisi təbii məcrasına uyğunlaşdırılacaq. Hazırda gölün müfəssəl layihəsinin hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətlərin işə cəlb olunması ilə bağlı tədbirlər görülür. Gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmənin həyata keçirilməsi ilə əlaqədar təşkilati-təsərrüfat işlərinin görülməsi, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edəcək yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxdılar.

Avtobuslarda sərnişinlərin rahatlığını təmin etmək üçün hərtərəfli şərait var.

Prezident İlham Əliyevə “Bakubus” MMC-nin “İVECO” markalı yeni avtobusları barədə də məlumat verildi. İlkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb. Yeni avtobuslarda gediş haqqı kartla ödəniləcək. Bu kartdan həm də metroda istifadə olunacaq. Avtobuslardakı bütün materiallar yanğına, donmaya və buxarlanmaya davamlıdır. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə avtobusların salonlarında kameralar quraşdırılıb, qapılar xüsusi sistemlə təchiz edilib. Bu nəqliyyat vasitələrində uşaq və əlillər üçün xüsusi oturacaqlar qoyulub. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıq və göstərişlərini verdi.

X X X

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında həyata keçirilən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olublar.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Qeyd olundu ki, bina 1974-cü ildə inşa edilib və hazırda müasir tələblərə uyğun yenidən qurulur. Ötən ilin yanvarında başlayan təmir işlərindən sonra binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılacaq, ilk Avropa Oyunlarının badminton və stolüstü tennis yarışlarının burada keçirilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısı və xanımı əsas idman zalında aparılan təmir işləri ilə də maraqlandılar.

Bildirildi ki, tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-a çatdırılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma sistemi qurulub.

Əsas idman zalında artıq döşəmə işlər həyata keçirilir. Döşəməyə xüsusi taxta örtük salınır. Məhdud fiziki imkanlı tamaşaçıların və gələcəkdə paralimpiyaçıların binanın bütün sahələrindən tam istifadə edə bilmələri nəzərə alınaraq, daxildə 6 lift şaxtası inşa edilib və müasir liftlərin quraşdırılması nəzərdə tutulub. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərəcək. Bundan başqa, burada püşkatma və mətbuat zallarında , VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin iş kabinetlərində və digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınacaq.

Qeyd edək ki, ilk Avropa Oyunlarının həyəcanı yaxınlaşdıqca ölkəmizdə bu idman yarışlarına maraq daha da artır. Bütün bunlar bir daha təsdiqləyir ki, Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir. Təsadüfi deyil ki, Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Ölkəmiz birinci Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəkdir.

Dövlətimizin başçısı İlham Əliyev Bakı İdman Sarayında işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair müvafiq tapşırıq və tövsiyələrini verdi.


Müəllif: