4 Fevral 2015 12:54
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “Vaşinqton Tayms”ın təşkilatçılığı ilə Vaşinqtonda ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” mövzusunda tədbir keçirilib.

“Vaşinqton Tayms” qəzetinin redaktoru Con Solomonun moderatorluq etdiyi bu tədbirdə müvafiq ardıcıllıqla Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə məruzə ilə çıxış edib.

Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, ölkələr arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqdan söz açıb. O, Azərbaycan hərbiçilərinin müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Balkanlar, İraq və Əfqanıstanda xidmət etdiklərini və bu gün belə Azərbaycan əsgərlərinin Əfqanıstanda Kabul aeroportunu qoruduqlarını bildirib. Azərbaycanın həmçinin Əfqanıstanın dirçəlməsinə yönəlmiş fəaliyyətlərə verdiyi töhfəni qeyd edən millət vəkili Əfqanıstandakı beynəlmiləl qüvvələr üçün hava daşımalarında Azərbaycanın rolunu da vurğulayıb. A.Mollazadə qeyd edib ki, terrorizmi yalnız güc hesabına məğlub etmək mümkün deyil və bu sahədə maarifləndirmə işlərinin aparılması böyük önəm daşıyır.

Millət vəkili Azərbaycanda müxtəlif dinlərin təmsilçiləri arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını da diqqətə çatdırıb. Bu mənada Azərbaycanın nümunəvi bir model təşkil etdiyini deyib.

A.Mollazadə Avrasiya regionunda cərəyan edən hadisələrlə bağlı da öz fikirlərini bölüşüb. Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açıb, Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, regional nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün aparılan fəaliyyətləri təqdim edib.

Tədbirin sonunda azərbaycanlı natiqlər moderator və iştirakçıların suallarını cavablandırıb.

Nemət


Müəllif: