5 Fevral 2015 15:41
409

"Bununla problem həll olunursa, bütün səhifələrdə böyük şəkilimi versinlər"

““Azadlıq” qəzetinin hər nömrəsində şəklimin dərc olunmasından, yanında da guya mənim həmin qəzetin pulunu mənimsəməm haqda mətnin verilməsindən narahat deyiləm. Mən onları məcbur edə bilmərəm ki, şəkilimi yığışdırın”.

Bunu Teleqraf.com-a açıqlamasında “Qasid” firmasının rəhbəri, deputat Mirkazım Kazımov “Teleqraf.com”a deyib.


Deputat qeyd edib ki, “Azadlıq” qəzetinə olan borcları ödəməyə çalışırlar: “Onlar qəzetin hər nömrəsində mənim şəkilimi dərc edirlər. Niyyətlərinin nə olduğunu bilmirəm, bununla nə demək istəyirlər? Əgər bununla problem həll olunursa, bütün səhifələrdə böyük şəkilimi versinlər. Mən heç kimin, o cümlədən “Azadlıq” qəzetinin bir manat pulunu mənimsəməmişəm. Obyektiv səbəblərə görə “Qasid” firmasının “Azadlıq” da daxil olmaqla bir neçə qəzetə borcu yaranıb. İndi cüzi də olsa, borcumuzu ödəyirik. Borcu hissə-hissə qaytaracağıq”.

M.Kazımov bildirib ki, “Azadlıq“ qəzetinin pulunu mənimsəmələri, bilərəkdən ödəməmələri haqda deyilənlər yalandır: ““Azadlıq” qəzetinə 70 min manata yaxın borcumuz var. Hazırda “Azadlıq” qəzeti ilə işləyirik, borcumuzu hissə-hissə ödəyirik. “Qasid”in yalnız “Azadlıq” qəzetinə borcu yoxdur. “Azərbaycan”, “Xalq”, “Səs”, “İki Sahil” və başqa qəzetlərə də borcumuz var. Hətta bir neçə qəzet bizi məhkəməyə verib, indi araşdırma gedir”.


Qeyd edək ki, son aylarda “Azadlıq” qəzetinin ikinci səhifəsinin aşağı küncündə “Qasid” firmasının rəhbəri, deputat Mirkazım Kazımovun şəkili dərc olunur. Şəkilin alt hissəsində isə yazılır: “Bu şəxs Milli Məclisin üzvü, “Qasid” firmasının rəhbəri Mirkazım Kazımovdur. O, “Azadlıq” qəzetinin əməkdaşlarının maaşını mənimsəyib. Məbləğ 70 min manatdır. Mirkazım Kazımovun bu əməli qəzetin kollektivinin maaşsız işləməsinə səbəb olub”.

İlkin Əliyev


Müəllif: