16 Aprel 2014 16:31
2 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seksual problemlərlə bağlı dövlət xəstəxalararına müraciət edənlər artıq bu imkanı itirmiş sayılırlar. Azərbaycandakı dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlərin ləğv edildiyi aydın olub. Səhiyyə naziri Oqtay Şirəliyev bu haqda hələ 2009-cu ildə əmr veribmiş. Buna baxmayaraq, bu yaxınlaradək bəzi tibb ocaqlarında həkim-seksopatoloq ştatları və seksopatoloji kabinetlər fəaliyyət göstərib. Artıq belə kabinetlərin hamısı bağlanıb. İndi yalnız özəl klinikalara seksopatoloji kabinetlər fəaliyyət göstərir.

Şikayətçi həkim-seksopatoloq Xudaverdi Əliyev açıqlama verərək deyib ki, dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlər ləğv olunduğundan pasiyentlər seksopatoloqun yanına deyil, terapevtin yanına getməli olurlar: “1989-cu ilin avqustundan səhiyyə nazirinin əmri ilə Bakı şəhərinin ən böyük xəstəxana və poliklinikalarında seksopatoloji kabinetlər təşkil olunub. Həmin vaxtdan 7 nömrəli şəhər poliklinikasında həkim-seksopatoloq vəzifəsinə təyin olunmuşam. Çünki Tibb Universitetini bitirdikdən sonra Sankt-Peterburqda bu sahə üzrə ixtisasartırma kursları keçmişəm. Amma 2009-cu ildə səhiyyə nazirinin 119 saylı əmrinə əsasən həkim-seksopatoloq ştatı ləğv olunub və terapevt ştatı ilə əvəzlənib. Bu günə qədər öz ixtisası üzrə işləyən bir həkimin, 25 ildən sonra terapevt kimi fəaliyyət göstərməsi nə dərəcədə düzgündür, bunu başa düşə bilmirəm”.

“Seksopatoloq özü var ki, onun kabineti də olsun?!”

Respublika dəri-zöhrəvi dispanserinin seksopatoloqu Şahin Bədəlov deyir ki, hazırda ölkədə nə ixtisasca sırf seksopatoloq var, nə də onu kabineti: “Tibb Universitetində nəinki, seksopatologiya, heç andrologiya üzrə də kadrlar hazırlanmır. Ümumi uroloji xəstəliklər, dəri-zöhrəvi və digər yaxın sahələr üzrə kadr hazırlığı aparılır.

Əslində seksopatologiya hazırda əhalinin çox böyük ehtiyac duyduğu sahədir. Bütün dünyada, o cümlədən Azərbaycanda bu sahə üzrə problemlər çoxdur. Ona görə də həm seksopatoloqun, həm də müvafiq kabinetlərin olması vacib sayılmalıdır. Amma kabinetlər oldu-olmadı, bu sahəyə yaxın sahələrdən olan kadrlar xidmət göstərirlər.

Hazırda bu sahədə əsasən uroloqlar, terapevtlər, nevropatoloqlar, dəri-zöhrəvi həkimlər, psixoloqlar çalışır. Yəni konkret olaraq ixtisasca sırf seksopatoloq özü yoxdur ki, onun kabineti də olsun. Çox dərin sahədir, sadəcə ixtisaslaşma olmadığı üçün bununla qeyri-sahənin həkimləri məşğul olur".

Şahin Bədəlov deyir ki, maddi baxımdan tibbin bu sahəsi gəlirli olduğu üçün özünü sınamaq istəyənlərin də sayı çoxdur. Amma həkim hesab edir ki, ixtisaslaşma kurslarından keçdikdən sonra seksopatologiya üzrə çalışmaq daha doğru olardı.

Qeyd edək ki, dövlət səviyyəsində bu cür kurslar da yoxdur. İnternatura keçmək istəyənlər isə yuxarıda qeyd etdiyimiz kimi, bunu seksopatologiyaya yaxın sahələrdə reallaşdırır. Sovet dönəmində kadrlar təkmilləşmə üçün Rusiyaya göndərilirmiş.

Kabinetin olmaması problem yaratmır

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, hazırda dövlət xəstəxanalarında seksopatoloji xidməti uroloq və psixoterapevtlər yerinə yetirir: “Sadəcə seksopatoloji kabinetlər yoxdur. Onların nə vaxt ləğv edilməsi barədə də konkret məlumatımız olmasa da, bunun hər hansı problem yaratmadığını düşünürük”.

Nazirlik sözçüsü şikayətçi Xudaverdi Əliyevin iradı ilə razılaşmadığını bildirdi: “2009-cu ildə ləğv edilmiş bir qərarı indi gündəmə gətirmək başadüşülən deyil. Hesab edirəm ki, bu kabinetlərin ləğvi heç bir problem yaratmır. Amma bildiyim qədərilə bəzi xəstəxanalarda belə kabinetlər saxlanılıb. Bu xidmətin kabinet formasında ləğv edilməsi elə də ciddi problem deyil. Xəstəxanaya müraciət edənləri mütəxəssis qarşılayacaq. Çünki bu problemlər ya uroloji, ya dəri-zöhrəvi, yaxud da psixiatrik olur”.

Naibə QURBANOVA


Müəllif: