11 Fevral 2015 12:12
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənçay müqaviləsinin bağlanmasından 187 il ötdü. Rusiya ilə Qacarlar arasında bağlanan bu müqavilə faktiki olaraq, Azərbaycanı ikiyə böldü. Ancaq bu gün bir sıra tarixçilər hesab edirlər ki, 1921-ci ildə bağlanan Qars müqaviləsi nəticəsində Türkmənçay müqaviləsi qüvvədən düşmüş hesab olunur. Bir qrup tarixçilər isə mövzunun geniş müzakirə edilməsi zamanı yanlışlıqların yer aldığını dilə gətirir və Türkmənçay müqaviləsinin ləğv olunub-olunmamasının heç nəyi dəyişmədiyi qənaətindədirlər.

Tarixçi alim Cəbi Bəhramov qəzetimizə açıqlamasında deyib ki, Qars müqaviləsi 5 dövlət arasında imzalanıb. Onun sözlərinə görə, bu müqavilələr məsələsinə beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşmaq lazımdır: "Müqaviləni imzalayan subyektlər var. Türkmənçay müqaviləsini çar Rusiyası ilə Qacarlar imzalamışdırsa, Rusiya-Türkiyə müharibəsindən sonra Ədirnə müqaviləsi imzalanıb. Qars müqaviləsinə gəlincə, bu müqavilə beş müxtəlif dövlət arasında imzalanıb. Məsələn, 1921-ci ildə əgər Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR var idisə, eyni zamanda, Osmanlı Türkiyəsi və Sovet Rusiyası vardı. Ona görə də bu hüquqi nöqteyi-nəzərindən yanaşanda bunlar öz xarakterinə və quruluşuna görə ayrı-ayrı dövlət idi. Amma XIX əsrin 20-ci illərində imzalanan Türkmənçay müqaviləsi başqa bir məsələnin mövzusudur. İndi nə çar Rusiyası, nə də Qacarlar var. Ona görə də avtomatik olaraq bu müqavilə qüvvədən düşmüş hesab olunur".

C.Bəhramov deyib ki, belə mülahizələri mütəxəssis olmayan insanlar irəli sürür: "Bu məsələlər hüquqi nöqteyi-nəzərindən izah edilsə, bunlar hamısı Azərbaycan xalqının iradəsinin əleyhinə olur. İstər Qars, istərsə də Türkmənçay, eləcə də 1921-ci ilin mart ayında olan Moskva müqaviləsini misal gətirmək olar. Ona görə Azərbaycan xalqının iradəsinin əleyhinə olacağını deyirəm ki, XI qırmızı ordu tərəfindən Azərbaycan işğal olunub. Orada Azərbaycan nümayəndəsi iştirak etsə də, o, tam hüquqlu söz səlahiyyətinə malik deyildi. Bu məsələyə professional olmayanların yanaşması çox vaxt xoşa gəlməyən və elmdən uzaq söhbətlərin başlamasına imkan verir".

BƏXTİYAR


Müəllif: