16 Fevral 2015 16:01
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Gəncə şəhərində müasir tipli Regional Peşə Tədris Mərkəzi yaradılır.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu il istifadəyə verilməsi nəzərdə tutulan Mərkəz Gəncə şəhərinin və ətraf rayonların işsiz və işaxtaran sakinlərinin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığının təşkilinə və onların əmək bazarına çıxış imkanlarının artırılmasına xidmət göstərəcək. Mərkəzdə əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə bu təbəqədən olan şəxslərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılır. Burada əmək bazarında tələb olunan müxtəlif peşələr üzrə lazımi texniki və tədris vəsaitləri ilə təmin olunmuş sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərəcək. Peşə tədris mərkəzində ənənəvi təlim üsulları ilə bərabər, işaxtaranların daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnmələrinə və əmək bazarına daxil olmalarına imkan verən modul təlim texnologiyalarından geniş istifadə olunacaq.

Xatırladaq ki, hazırda ƏƏSMN-nin Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonunda Regional Peşə Tədris Mərkəzləri fəaliyyət göstərir. Son bir ildə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb olunan 3786 nəfər işsiz və işaxtaran şəxsin 2 min nəfərə yaxını məhz həmin mərkəzlərdə yeni peşələrə yiyələnib. “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində son vaxtlarda Bakı və Göyçaydakı mərkəzlərdə yenidənqurma işləri aparılıb, yeni sinif otaqları və emalatxanalar yaradılıb, onların maddi-texniki bazası daha da gücləndirilib.

Naibə QURBANOVA


Müəllif: