17 Fevral 2015 11:35
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AZAL” aviaşirkəti növbəti dəfə hava gəmilərində xidmət keyfiyyətini yüksəltmək təşəbbüsünü nümayiş etdirir. Teleqraf.com-un məlumatına görə, martın 1-dən etibarən aviaşirkətin Bakı – Nyu-York – Bakı marşrutu üzrə müntəzəm reyslərində yeni xidmət sinfi – “ekonom premium” tətbiq ediləcək. Tezliklə “AZAL”ın Nyu-York reyslərinin sərnişinləri uçuş zamanı daha rahat şəraitdən, daha artıq qayğı və diqqətdən zövq ala biləcəklər.

Bütün bunları səyahətçilər hava limanlarında qeydiyyat prosesindən başlayaraq hiss edə biləcəklər. “Ekonom premium” xidmət sinfinin sərnişinləri üçün qeydiyyat ayrıca qeydiyyat masasında həyata keçiriləcək.

“AZAL” aviaşirkəti tərəfindən Nyu-Yorka uçuşlar üçün istismar olunan “А-340” hava gəmisində “ekonom premium” sinfinin sərnişinləri ayrıca salonda, rahatlığına görə “biznes sinif” salonundakı oturacaqlardan fərqlənməyən rahat oturacaqlarda yerləşdiriləcək.

“Biznes sinif” salonu ilə bənzərlik bununla məhdudlaşmır və bütün uçuş mərhələlərində xidmət prosesində bu üstünlükləri görmək mümkündür. Belə ki, təyyarə havaya qalxmazdan əvvəl diqqətli və qayğıkeş təyyarə bələdçiləri “ekonom premium” salonunda arzu edən bütün sərnişinlərə rahat pled və balışlar, azyaşlı səyahətçilərə isə əlavə olaraq xüsusi rahat baş altlıqları təqdim edəcəklər.

Təyyarə havaya qalxdıqdan sonra və bütün uçuş boyu “ekonom premium” sərnişinlərinə fərdi xidmət göstəriləcək, onlara çini qablarda müxtəlif çeşidli yeməklər təqdim olunacaq.

“AZAL” aviaşirkəti yeni xidmət sinfinin Bakı – Nyu-York – Bakı reysinin sərnişinləri tərəfindən layiqincə qiymətləndiriləcəyinə ümid edir.

Naibə QURBANOVA


Müəllif: