18 Fevral 2015 08:59
354

Fevralın 18-də Tokionun tanınmış biznes mərkəzlərindən biri olan Şincuku rayonunda “United Busines of İnnevators” (UBİ) şirkətinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan - gələcəyin ölkəsi” adlı seminarda yapon maliyyə şirkətləri ölkəmizə investisiya yönəldilməsinə böyük maraq göstəriblər.

UBİ şirkətinin baş direktoru Takimoto Kenji fevralın əvvəllərində Bakıya səfərləri, Azərbaycanın bir sıra tanınmış banklarında keçirdikləri görüşlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanın sürətli inkişafı, maliyyə qurumlarının fəaliyyəti üçün burada yaradılmış münbit şərait yapon maliyyə şirkətləri tərəfindən bu ölkəyə investisiyaların yönəldilməsinə əlverişli imkanlar açır.

Tədbirdə çıxış edən “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, mart və aprel aylarında yapon iş adamlarından ibarət növbəti qrupların Azərbaycana işgüzar səfərləri planlaşdırılır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.

Teleqraf.com-un məlumatına görə, seminarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on iki ildə ümumi daxili məhsulun həcmi dəfələrlə artıb və bu, Azərbaycanın sürətli inkişafını təsdiqləyən mühüm faktdır.

Qarabağ müharibəsinin yaratdığı ciddi problemlərə baxmayaraq, Azərbaycanın qısa zaman kəsiyində nəinki özünü bərpa etdiyi, eyni zamanda dünyanın bir çox ölkələrinə maliyyə yardımı göstərən, investisiyalar yönəldən qabaqcıl dövlətə çevrildiyi xüsusi qeyd edilib.Təqdimatda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində son illər mühüm irəliləyişə nail olunub.

Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.

Azərbaycanın bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığı, cari ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırda ciddi hazırlığın aparıldığı da seminar iştirakçılarının diqqətinə çatdırılıb. İştirakçılara Azərbaycanda icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən, Heydər Əliyev prospektinin yenidən qurulması işləri barədə də məlumat verilib. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.Seminarın sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.


Müəllif: