15 May 2014 18:13
2 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonundakı Qırmızı qəsəbədə bəzi sakinlərə Rusiya pasport paylanır.

Etibarlı mənbədən Teleqraf.com-a bu barədə məlumat verilib. Mənbənin bildirdiyinə görə, qəsəbənin bütün sakinləri haqda bu sözləri demək mümkün olmasa da, müəyyən şəxslərin təxribata uymaq ehtimalı böyükdür.

Məsələ ilə əlaqədar Quba rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Tariyel İbrahimov bildirdi ki, bu barədə icra hakimiyyətinə heç bir məlumat daxil olmayıb.
Qırmızı qəsəbədə əsasən yəhudi millətinə aid insanlar yaşayır.

Qeyd edək ki, bir qədər öncə Qusar rayonunda da rus pasportları, “Georgiyev lenti”nin paylanması barədə məlumatlar da yayılmışdı. 51 saylı Qusar Seçki Dairəsindən olan millət vəkili Azər Badamov isə bu məlumatı təxribat adlandıraraq, şimal bölgəsində tam sakitlik olduğunu bildirmişdi.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə mətbauta açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməlidir: “Azərbaycan Konstitusiyası və qanunvericiliyində vətəndaşlığın əldə edilməsi, itirilməsi prosedurları qeyd edilib”.


O, bildirib ki, ümumvətəndaş pasportu məsələsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Dövlət Miqrasiya Xidməti hazırda bu işlə məşğuldur.

NİGAR


Müəllif: