16 May 2014 10:46
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam bankçılığı Azərbaycanda hansı narahatlıq doğurur?

Yaxın günlərdə fəaliyyətini bərpa etməyə hazırlaşan “Kövsərbank” əhalidən əmanətləri yeni üsulla qəbul etmək fikrindədir. Bu barədə fins.az-a bankın idarə heyətinin sədri Heydər İbrahimov məlumat verib. Onun sözlərinə görə, “Kövsərbank” İslam bankçılığı qaydaları ilə fəaliyyət göstərmək niyyətindədir: “İslami qaydalarında faiz haram sayıldığına görə, əhalidən əmanətləri adi qaydada qəbul etməyəcəyik. Adamlar banka əmanəti investisiya kimi yatıracaqlar”.

“Kövsərbank”ın lisenziyası bir qədər əvvəl bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi. 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin “Kövsərbank” ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxardı.

“Kövsərbank”ı gözləyən təhlükə

“Kövsərbank”ın artıq ikinci dəfədir lisenziyası yenidən bərpa edilir. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə “Kövsərbank”ın kredit proqramına baxıb sonra qərar verəcəklərini açıqlamışdı. Yəni, məhkəmənin qərarı hələ Milli Bankın bununla razılaşacağı anlamına gəlmir...

Hazırda isə bankın fəaliyyət göstərməsində qaranlıq qalan əsas məqam nizamnamə kapitalının həcmi ilə bağlıdır. Məlumdur ki, bankların nizamnamə kapitalının 10 milyon manatdan 50 milyon manata yüksəldilməsi barədə qərar var. “Kövsərbank”ın fəaliyyəti dayandırıldıqda isə onun nizamnamə kapitalının məcmusu 10 milyonluq həddə cavab verirdi. İlin sonuna kimi bu məbləği 50 milyona çatdırmaq nəzəri cəhətdən mümkün olsa da, ölkənin bankçılıq təcrübəsində inandırıcı görünmür.

İqtisadçı ekspert Samir Əliyev sözügedən bank üçün əsas narahatlığın yetəri qədər kapitalının olmaması ilə izah edir və bunun bank üçün növbəti zərbə ola biləcəyini deyir: “Mərkəzi Bank açıqlama verdi ki, ötən ildən fərqli olaraq bu il məcmu kapitalını yerinə yetirməyən banklara güzəşt olmayacaq. İkinci məsələ bankın itmiş müştərilərini bərpa etməsi ilə əlaqəlidir. Amma ”Kövsərbank"ın yeganə üstünlüyü ondadır ki, o, islam bank prinsipləriylə işləyir və özünün spesifik müştəriləri var.

Düzdür, ayrı-ayrı bankların nəzdində islam bankçılığı qaydaları əsasında bölmələr olsa da, tam şəkildə bu insanların müştərək əməkdaşlıq edəcəyi bank yoxdur. Hər bir halda bank üçün yenidən fəaliyyətə başlamaq asan olmayacaq. Ən azından bank aktiv fəaliyyətə başlaması üçün ilkin dövr üçün maliyyəsi çox olan bir səhmdar tapmalıdır".

Xristian ölkələrində olan, müsəlman ölkəsində olmayan islam bankçılığı

Samir Əliyev deyir ki, xristian ölkələrində artıq böyük marağa səbəb olan islam bankçılığının müsəlman ölkəsi olan Azərbaycanda hələ reallaşdırılmaması müsbət hal deyil: “Bu, həm də kredit faizləri yüksək olan ölkə bankçılığı üçün əlverişlidir. İslam bankçılığının tətbiqi kredit faizlərinin aşağı salınmasına təkan ola bilər. Düzdür, islam bankçılığı ənənəvi bank sektorunu sıxışdırıb çıxarmaq imkanında deyil, amma rəqabət baxımından üstündür. Məsələn, İran, Malayziya kimi dövlətlərdə bu bankçılığın zəiflədiyini görüncə, onu ənənəvi bankçılığa uyğunlaşdırmağa çalışırlar. Bu, sırf rəqabətlilik baxımından Azərbaycan üçün də uğurlu olar”.

Ekspertə görə, islam bankçılığının inkişaf etməsi üçün ya müvafiq qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişiklik edilməlidir: “Qanunvericiliyə görə, bizdə banklar ticarətlə, istehsalla məşğul ola bilməz, ancaq sahibkarlara pul verə bilər. Ona görə də islam prinsipləri ilə kredit vermək ayrı-ayrı banklarda kiçik bölmələrdə məhdud çərçivədədir.

Hazırda bir qisim insanlar var ki, əllərində böyük miqdarda pul olsa da, bank sektorundan kənarda qalıblar. Bunlar daha çox biznesmen dindarlar, din xadimləri və adi vətəndaşlardır. Onlar faiz gəlir deyə, banka pul qoymurlar. Həmin pulları cəlb etmək baxımından islam bankçılığını inkişaf etdirmək lazımdır".

Qanun layihəsindən xəbər yoxdur

Ölkədə islam bankçılığı barədə 2014-cü ildə parlamentə təqdim olunacağı gözlənilən qanun layihəsindən isə xəbər yoxdur. Baxmayaraq ki, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Beynəlxalq Bankı bu layihəyə start vermişdi və qanun layihəsinin may ayında hazır olacağı, 2014-cü ilin sonunda isə parlamentə təqdim edilməsi nəzərdə tutulurdu.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov ayrı-ayrı qurumlar tərəfindən dəfələrlə müzakirə olunmasına baxmayaraq, onlara bu barədə məlumat daxil olmadığını dedi: “Azərbaycan hökumətində də belə fikir vardı ki, islam bankçılığının inkişaf etdirilməsi üçün müvafiq konsepsiya hazırlansın, bankın ölkəmizdə yaradılması üçün şərait təmin olunsun. Hazırda komitəyə belə bir qanun layihəsi daxil olmayıb. Mövcud qanunvericiliyə dəyişiklik isə bu il üçün nəzərdə tutulmayıb”.

Razılaşdırılmış faiz günahı

Reallaşacağı təqdirdə əhalinin islam bankçılığına olan marağı da sual doğuran məsələlərdəndir. Yerli banklardan birinin islam bankçılığı bölməsinin rəhbəri Fuad Həsənov deyir ki, əslində islam bankları dini-şəriət normaları əsasında iqtisadi fəaliyyətlə məşğul olan maliyyə institutlarıdır: “İslam bankçılığının mahiyyətində sadə bir model durur. Əmanətçi pulunu banka qoyur, bank həmin vəsaiti müəyyən bir layihənin maliyyələnşməsinə yönəldir. Əgər müsbət nəticə əldə olunsa, yəni layihə mənfəət gətirərsə, bank həmin vəsaiti bank, əmanətçi və borclanan arasında bölüşdürür. Bu halda mənfəətin məbləği yox, layihə iştirakçılarının ondan əldə edəcəkləri paylar əvvəlcədən məlum olur ki, bu da islam qanunlarına zidd deyil. Əgər layihə zərər gətirsə, onda bank, borclanan və əmanətçi əvvəlcədən müəyyən edilmiş paya uyğun olaraq bunu qarşılayır”.

Hazırda ölkədə İslam İnkişaf Bankı ilə islami qaydalar çərçivəsində əməkdaşlıq edən 7 bank var. Bunlar “Turanbank”, Azərbaycan Beynəlxalq Bankı, “Rabitəbank”, “Unibank”, “Bank Standart”, “Kövsərbank”, “Əmrahbank”dır.

Ancaq tam olaraq islam prinsipləri ilə ilk bank xidmət göstərən fəaliyyəti yenicə bərpa olunan “Kövsərbank”dır.

Naibə QURBANOVA


Müəllif: