23 Fevral 2015 15:49
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İran İslam Respublikasının Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının idarə heyətinin sədri və icraçı direktoru Rza Məsrurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Aydın Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri Aydın Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Bir neçə ay bundan öncə İran İslam Respublikası iqtisadiyyat və maliyyə işləri nazirinin müavini, Gömrük İdarəsinin prezidenti Masoud Karbasianın Azərbaycana səfərini məmnunluqla xatırlayan komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və davamlı inkişafına töhfə verdiyini bildirib. İstər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan bu kimi görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışan Aydın Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Səmimi qəbula görə DGK sədrinə təşəkkür edən İran İslam Respublikasının Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının idarə heyətinin sədri və icraçı direktoru Rza Məsrur İran hökumətinin regionun ən inkişaf etmiş dövləti olan Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirmiş, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, eləcə də Ənzəli Azad Ticarət Zonasında artıq bir neçə Azərbaycan şirkətinin səmərəli fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdırıb, bu şirkətlərin gələcəkdə sayının daha da artacağına ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin Azərbaycan-İran əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif: