23 Fevral 2015 23:24
578

“Böyüklərimizə müracət edirik, xahiş edirik ki, Avropa oyunları zamanı toy keçirməyin mümkünsüzlüyünü nəzərə alıb başqa vaxta təyin etsinlər”.

Bunu Azadlıq Radiosuna açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

O, “Avropa Oyunları zamanı toy mərasimləri qadağan edilib” fikirlərinə aydınlıq gətirib. Dövlət Yol Polisi İdarəsinin rəsmisi bildirir ki, bu qadağa deyil, tövsiyyədir:

“Ən azından ölkədə olan qonaqların, idamançıların, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini hər kəs anlayır. Bu tədbirlərin keçiriləcəyi ərazidə avtomobillərin hərəkətinin məhdudiyyəti, nəqliyyatın istiqamətinin dəyişdirilməsi istər istəməz sıxlıq yaradacaq. Yollar bağlıdırsa toy necə ola bilər? Bu ərəfədə toyların keçirilməsi məqdəsə uygun deyil”

Vaqif Əsədov nəqliyyata maneə törədən başqa bir səbəbi də qeyd edib.

O, yas mərasimləri üçün qurulan çadırların da nəqliyyatın hərəkətinə əngəl törətdiyini bildirib: “Yas mərasimləri keçirilən zaman yolun hərəkət hissəsində qurulan çadırlar nəqliyyatda sıxlıq yaşadır. Bu “Yol hərəkəti haqqında qanun”un tələblərinə ziddir. Bunu edənlər məsuliyyətə cəlb edilir”- deyən Vaqif Əsədov yas məclislərinin mərasim zallarında keçirilməsini tövsiyyə edir:

“Bu günə qədər yas çadırılarına görə inzibati protokol tətbiq edilməyib, tövsiyyələr verilib. Çox yerdə mərasim zalları var. Bildiyimə görə, qiymətlər də çox münasibdir. Xahiş edirəm ki, yasların keçirilməsi ilə bağlı mərasim zallarından istifadə edilsin. Avropa oyunları zamanı isə yollarda çadırların qurulması mümkünsüz olacaq”.

Vaqif Əsədov deyir ki, nəqliyyatın tənzimlənməsi üçün qeyd edilən vaxtlarda yük maşınlarının hərəkətinə qadağa qoyulması nəzərdə tutulur. Hətta bir müddət paytaxt ərazisində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Məhdudiyyət rejimini tətbiq etmək üçün artıq Bakı Şəhər İcra Hakimiyyəti xüsusi buraxılış vərəqələri hazırlayıb. Bu vərəqələr yalnız müəyyən ərazidə yaşayan sakinlərin və fəaliyyət göstərən obyektlərin xidməti avtomobillərinə şamil olunacaq.

Qeyd edək ki, Birinci Avropa Oyunları 2015-ci ilin iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.


Müəllif: