25 Fevral 2015 14:31

Heydər Əliyev Fondunun, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi ictimaiyyətə təqdim olunub.

“İrəli”dən Teleqraf.com-a verilən məlumata görə, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilmiş soyqırımı haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəsüratları fonunda bir daha həmin günün dəhşətləri yada salınır.

Film əsasən 3 hissədən, məlumat, müsahibə və mesajdan ibarətdir. Əvvəlcə Xocalı haqqında, faciənin baş vermə səbəbləri haqqında məlumatlarlar verilir. Həmçinin soyqırımından ən çox əziyyət çəkmiş Mehdi Əliyevin müsahibəsi və son olaraq Xocalıya ədalət mesajı çatdırılır.

Qeyd edək ki, film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ və digər ölkələrdə nümayiş olunacaq. Bu gün isə filmin geniş auditoriya üçün təqdimat mərasimi baş tutub. Mərasimdə İrəli İctimai birliyinin sədri Mirhəsən Seyidov, filmin ssenari müəllifi, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı, Türkiyənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Böyüməyən uşaqlar” filmi Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilib. Yaxın gələcəkdə filmin Almaniyada nümayişi nəzərdə tutulur. Həmçinin bu mövzuda bədii filmin çəkilməsi də planlaşdırılır.

BƏXTİYAR


Müəllif: