26 Fevral 2015 14:28
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramın davamı olaraq, “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub. Yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax şəhəri “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.

Bu münasibətlə 4 mart, saat 12.00-da Bakı şəhərində yerləşən Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçiriləcək.

Məsələ ilə əlaqədar Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.


Müəllif: