26 Fevral 2015 14:47
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 25-də Binəqədi rayonunda “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Erməni yalanına işıq sal” devizi ilə yürüş keçirilib.

Bu barədə Teleqraf.com-a Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən məlumat verilib.

Min nəfərədək sakinin iştirak etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən 20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış “Güllə Yağışı” abidəsinin önündən başlayıb, Milli Qəhrəmanlar abidəsinədək davam edib. Yürüşdə rayonun fəal gəncləri, ziyalıları, ümumilikdə rayon ictimaiyyəti ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllüləri” də iştirak etmişdir. Rayon gəncləri Xocalıda soyqırıma məruz qalaraq dünyasını dəyişən həmvətənlərimizin adları və soyadlarının həkk olundugu lövhələri öz üzərlərində yürüş boyu daşıyaraq unutmayacaqlarına simvolizə ediblər.

Tədbir Biləcəri qəsəbəsində Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə kompozisiyanın səsləndirilməsi ilə davam edib. Kompozisiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx səsləndirilib. Daha sonra yürüş iştirakçıları hazırlanan qətnaməni oxuyub, qətnamədə binəqədili gənclər bütün Azərbaycan gəncliyini “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırıblar. Onlar bu kampaniyanın işığında bütün dünyaya səslənərək əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması işində həmrəylik nümayiş etdirməyin bir insanlıq borcu olduğunu vurğulayıblar. Sonda yalnız Xocalıda deyil, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə dualar oxunub.

Anım mərasimi gec saatlaradək sakinlərin Milli Qəhrəmanlar abidəsini ziyarət etməsi və abidənin önünə şamların düzülməsi ilə yekunlaşıb.

Naibə QURBANOVA


Müəllif: