27 Fevral 2015 10:58
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetində yeni kafedra açılıb

Bakı Slavyan Universiteti (BSU) elmi şurasının növbəti iclasında bu ali məktəbdə multikulturalizm kafedrasının yaradılması haqqında qərar qəbul edilib.

BSU-dan Teleqraf.com-a bildirilib ki, universitetin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə yaradılmış kafedrada bu ali məktəbin bütün ixtisaslarında bakalavriat pilləsində multikulturalizmə giriş, regionşünaslıq (ölkəşünaslıq) ixtisasında, ixtisas ölkələrinin mədəniyyəti və incəsənəti, ixtisas ölkələrinin etnoqrafiyası, ixtisas ölkələrinin ictimai fikir tarixi, ixtisas ölkələrinin etnopsixologiyası, müqayisəli ədəbiyyat və digər fənlər tədris olunacaq.

Magistratura pilləsində isə Azərbaycan multikulturalizmi fənni ilə yanaşı, ədəbi komprotivistika və müxtəlif ixtisaslaşmalara uyğun fənlərin tədrisi nəzərdə tutulur. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi planlaşdırılır. Kafedranın tərkibi yuxarıda adları çəkilən sahələr üzrə kifayət qədər elmi-pedaqoji təcrübəyə malik mütəxəssislərdən formalaşdırılıb.

Bu kafedranın əməkdaşları millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrdə də fəal iştirak edəcəklər. Qeyd edək ki, yeni kafedra dosent Aytən Qəhrəmanovanın rəhbərliyi ilə fəaliyyət göstərəcək. Gələcəkdə digər ali təhsil müəssisələrində də belə kafedralar yaradılacaq.

NİGAR


Müəllif: