27 Fevral 2015 13:47
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlövsət Qasımov: "Məqsədim erməni vəhşiliklərini göstərmək idi"

Qarabağ müharibəsindən bəhs eləyən fotolar tariximizi əbədiləşdirmək baxımından xüsusi önəm daşıyır. Reportajımızın qəhrəmanı da həmin qanlı-qadalı illərin təkzibolunmaz salnaməsini yaradanlardandır. Onun çəkdiyi fotoları "çılpaq həqiqətlər" adlandırardım, amansız müharibənin vəhşi həqiqətləri...

O fotolara hiss-həyəcansız baxmaq olmur. Onun fotoları erməni vəhşiliklərinin hər üzünü heç bir detalı qaçırmadan göstərir.

Əslən Qərbi Azərbaycandan olan Əlövsət Qasımov öz yurdundan didərgin düşdükdən sonra Qarabağda erməni separatçılığı geniş vüsət alırdı. Müharibənin başlaması bir çoxları kimi onun taleyindən də yan keçmədi.

1988-1996-cı illər ərzində Qarabağda baş verən qanlı faciələri fotoaparatın yaddaşına köçürdü, bu vətənpərvərlik fəaliyyəti ilə tanındı.

Yeddi il döyüşlərdə

Əlövsət Qasımov hər şeyin 1988-ci ildə məcburi qaçqın düşməsindən başlandığını deyir: "Ailəmizi ermənilər 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən çıxardılar. Tərtər rayonuna sığındıq, Bəyimsarov kəndində mədəniyyət evinin direktoru işlədim. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşımla birlikdə könüllü döyüş əməliyyatlarında iştirak etdim. 7 il döyüşlərdə olduq. Mən özüm erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərinin müəyyən olunmasına yardım göstərirdim. 950 şəhid məhz mənim təşkilatçılığımla ailələrinə göndərilib. Çox dəhşətlərdən keçib gəlmişik. O illərdən danışanda ağrılı günləri sanki təkrar yaşayıram".

O, həm də erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilmiş, min bir işgəncəyə məruz qalmış şəhidlərimizin fotolarını çəkib. Bu gün onun şəxsi arxivində erməni vəhşiliklərini ifşa edən çox qiymətli tarixi fotolar var.

Müharibənin dəhşətlərini gözləri ilə görən Əlövsət Qasımov deyir ki, çəkdiyi fotolar dünyanın müxtəlif yerlərində nümayiş edilib: "Meyitlərin şəkillərini çəkməkdə məqsədim düşmənlərimizin iç üzünü açıb hər kəsə göstərməkdir. Hər bir şəhidin faciəsini onlarla bərabər qəlbən yaşayan canlı şahidəm. İştirakçısı olduğum müharibənin hər anını lentə almışam, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bütün dünyada inkaredilməz faktlarla ifşa etməyə çalışıram.

Mənim çəkdiyim fotolar dünyanın müxtəlif ölkələrində, həmçinin öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilib. Eyni zamanda, erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayıb rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişəm. Bundan başqa, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmağa kömək etmişəm".

Xəstəliyindən xəbərsizmiş

Əlövsət Qasımov ordu sıralarından 1996-cı ildə tərxis olunub. Onun sözlərinə görə, erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görüb. Amma düşünməyib ki, ağır yoluxucu infeksiyaya tutular.

Müharibə ağrıları ona həm psixoloji, həm də mənəvi zərbə vurub: "İstanbul şəhərində Qarabağda çəkdiyim fotolardan ibarət 11 günlük sərgi keçirərkən xəstəliyim şiddətləndi. Yalnız həkimlərin səyi nəticəsində bir neçə müddət sonra vəziyyətim yaxşılaşdı".

"Hamilə qadınla körpəsini heç vaxt unuda bilmirəm"

Həmsöhbətim bir hadisənin yaddaşından heç vaxt silinməcəyini bildirdi: "Əsir düşmüş astaralı əsgərimizi ermənilərdən geri alıb Bakıya gətirirdilər. Orada nə qədər girov qaldığı ilə maraqlandım. Bircə onu dedi ki, girovların arasında bir hamilə qadın da vardı. Bu qadın intihar məqsədi ilə damarını kəsir, amma ölmür. Bunu görən bir erməni gəlib bıçağı onun qarnına soxub, bətnində olan körpəni əlləriylə çıxarıb yerə atır. Daha sonra ermənilər həmin qadını və uşağı neytral zonaya atırlar. Ana yerdə, uşaq da ayağının altında çabalayaraq ölür.

Cəbhə dostlarımla gedib həmin meyitləri gətirdik. Gördüm ki, bu uşaq qız uşağıdır. Mən körpəni aldım ovcuma ki, onu ayrı basdırım. Uşaq əlimdən sürüşdü, sanki dartılıb ananın qarnına girdi. Bu hal düz 3 dəfə təkrar olundu. Məcbur qalıb uşağı anasının sinəsinə qoydum, eləcə basdırdım. Ölmüş ananın gözlərinin həmin anda gördüyüm şəkli heç bir zaman yadımdan çıxmayacaq. Sanki körpəsinin yanında basdırıldığına görə dəhşətlər görmüş gözləri ilə mənə minnətdarlıq edirdi".

Cəbhədə göstərilən xidmətlər

"General Əli bəy" adı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi xidmətlər "Müharibənin canlı ensiklopediyası", "Erməni vandalizmi", "Başsız meyit", "Şahid şəhidlər haqqında", "Qanlı köynəklər", "Ölümlə üz-üzə", "Sonsuz erməni vandalizminin iç üzü", "Oğurlanmış tarixi soyqırımı", " Sağlamlığın sirri", "Erməni terroru", "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası", "Heydər Əliyevin həyatının hər anı bir məktəbdir" adlı kitablarda öz əksini tapıb. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən "Ruhumun harayı" və " Qarabağ çağırır bizi" sənədli filmləri respublikamızda və xarici ölkələrdə nümayiş olunub.

İlhamə Əbülfət


Müəllif: