1 Mart 2015 16:44
640

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 1-də daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrinə vakant yerlərə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Teleqraf.com xəbər verir ki, imtahan saat 11:00-da başlayıb və saat 14.00-da başa çatıb. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırığıdır.

Pedaqoji istiqamət üzrə imtahan verən namizədlərə isə 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual psixologiya, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlərdir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

Qeyd edək ki, daxili işlər orqanlarına sənədlərin qəbulu 2014-cü il noyabrın 24-dən dekabrın 24-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 124 nəfəri pedaqoji, 83 nəfəri isə hüquq istiqaməti üzrə sənəd verib.


Müəllif: