3 Mart 2015 14:12
1 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emin Ağayev: "Son illər Novruz bayramında ölkəyə gələn turistlərin sayı artıb"

Qarşıdan gələn uzun Novruz tətili Azərbaycan vətəndaşları üçün əlavə istirahət imkanı yaradıb və ölkənin turizm şirkətləri bundan maksimum yararlanmağa çalışırlar. Artıq yerli turizm şirkətləri Novruz bayramı günlərində dincəlmək üçün ölkə daxilinə və ölkə xaricinə turlar təklif edir.

Bir neçə turizm şirkəti ilə əlaqə saxladıqda məlum oldu ki, Novruz bayramını Azərbaycandan kənarda qeyd etmək istəyənlər İstanbulu, Dubayı, Avropa ölkələrini, hətta Sinqapur və Malayziya kimi ölkələri seçə bilərlər.

Novruz günlərində ölkə xaricində 1 həftə dincəlməyin qiyməti 1 nəfər üçün 500-1300 manat arasındadır. Ən ucuz turlar İstanbul istiqamətindədir - 500-600 manat. Söhbət 3-4 ulduzlu otellərdə qalmaqdan gedir. İstanbulda 5 ulduzlu oteldə qalmaq istəyənlər isə 1000 manatdan keçməlidir.

Dubaya getmək istəyənlər isə adambaşına 700-800 manatdan 1000 manata qədər xərc çəkməlidirlər. Qiymətin konkret həddi oteldəki ulduzların sayından asılıdır. Məsələn, 4 ulduzlu Dubay səyahəti 1000 manata başa gəlir.

Avropada dincəlmək istəyənlər isə Çexiyanın paytaxtı Praqanı seçə bilərlər. Bu şəhərdə 5 günlük Novruz tətili keçirmək 800-850 manatadır. Bakıdan xeyli uzaqda yerləşən Sinqapur, Malayziya kimi ölkələrdə isə 1 həftə vaxt keçirmək 1200-1300 manata başa gəlir.

Öz məkanlarımız, öz şəhərlərimiz...

Novruz bayramı günlərində Azərbaycan daxilində dincəlmək istəyənlərə isə Qəbələ və Şahdağ turları təklif olunur. 1 günlük səyahət adambaşına 22-23 manatdır.

Yerli istirahət bölgələrindəki digər qiymətlərə nəzər salaq. Məsələn, Şəki otellərində səhər yeməyi verən iki nəfərlik sadə otaqlarda 90 manata, lüks otaqlarda isə 150 manata qalmaq olar. Səhər yeməyi verilməyən köhnə tipli otellərdə bir nəfərlik otaqda 30 manata, iki nəfərlik otaqda isə 50 manata qalmaq mümkündür.

Bahalı otellər Novruz bayramı tədbiri kimi otaqlara, sadəcə, səməni qoymaqla kifayətlənəcək, ucuz otellərdə isə heç bu da düşünülmür. Şəhərin iaşə obyektlərində də Novruz tətilləri ilə bağlı elə bir ciddi hazırlıq işləri getmir. Yəni hər yerdə ənənəvi Şəki pitisi olacaq və bir-iki restoranda masaların üstünə səməni qoyulacaq.

Şimal bölgəsinin məşhur Xaçmaz istirahət zonasında isə otaqların qiyməti şəraitindən və səhər yeməyi verib-verməməsindən asılı olaraq 20 manatdan 80 manata qədər dəyişir.

Qusarın istirahət obyektlərində də qiymət dəyişikliyi yoxdur. Məsələn, buradakı olimpiya kompleksində bir yerlik lüks otağın qiyməti 80-90 manatdır.

Amma qonşu Quba rayonunun istirahət mərkəzlərində isə Novruz tətilləri ilə bağlı xeyli ucuzlaşma nəzərdə tutulur. Məsələn, 1 otaqlı kottecin gecəlik qiyməti Novruz münasibəti ilə 50 manatdan 30 manata düşüb. İki otaqlı kottec isə əvvəllər 80 manata təklif edildiyi halda, indi bir gecəlik qiymət 60 manata endirilib, təbii ki, yemək bu qiymətlərə daxil deyil.

Turizm şirkətləri hazırdır

Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin təmsilçiləri də Novruz tətillərinə hazırlaşdıqlarını bildirirlər. Onlar ən populyar tur kimi martın 1-dən regionlara bir günlük səfər təşkil edirlər və bu, martın axırına kimi davam edəcək. Yəni turistləri avtobuslarla Nabrana, Masallıya və ya Qəbələyə aparırlar, orada istirahət proqramı təşkil edilir, sonra axşam çağı Bakıya qayıdırlar. Səfər zamanı onlara iki dəfə yemək verirlər.

Belə turların bir gününün qiyməti təxminən 50 manata yaxın olur. İki günlük turlar isə təxminən 100 manata başa gəlir. İki günlük turlarda turistlər bir gecə regiondakı mehmanxanalarda gecələyirlər. Şirkət təmsilçiləri belə turların əsasən xaricilərə ünvanlandığını söyləyirlər, amma yerli turistlərdən yetərincə müştəriləri olacağını düşünürlər.

Əlaqə saxladığımız "Avis Travel", "NSS Company" Travel, "Rüzgar" aviaşirkəti və bir neçə aviaşirkət arasında apardığımız sorğudan məlum oldu ki, xaricə biletlərin çoxu satılıb və bu il yaz tətilində Dubaya gedənlər üstünlük təşkil edir. Turizm agentləri bunu həm qiymətlərin münasib olması, həm də martda iqlim baxımından Birləşmiş Ərəb Əmirliyinə getmək üçün münasib vaxt olduğunu deyirlər.

Bizimkilərin gedəcəyi ilk yerlərdən daha biri isə qonşu Gürcüstandır. Müsahiblərimiz tətillərdə Gürcüstana getməyin artıq son 4-5 ilin tendensiyasına çevrildiyini vurğuladılar.

Elə turizm şirkətləri də Novruz tətilləri günlərində ən çox gəliri Gürcüstan, Türkiyə və Avropaya təşkil etdikləri səfərlərdən gözləyirlər.

Son günlərin hadisələri aviaşirkətlərin işinə təsir etməyib. Əlaqə saxladığımız şirkətlərdən bildirdilər ki, tətilin başlamasına hələ xeyli vaxt qalsa da, sifarişlər elə ötən ilki qədərdir.

Seçim niyə xarici ölkələrdir?

Turizm üzrə ekspert Emin Ağayev Novruz bayramının Azərbaycanda təmtəraqla keçirilən ölkələr sırasında olduğundan vətəndaşların əsasən bayram sonrası xaricə getdiklərini deyir: "Əksinə, biz son illər Novruz bayramında ölkəyə gələnlərin daha çox olduğunu müşahidə edirik, nəinki gedənlərin. Xüsusən, İrandan və Avropa ölkələrindən Bakıya üz tutanlar çox olur. Sevindirici haldır ki, təkcə paytaxt deyil, Qəbələ, Lahıc, Şəki, Quba, İlisu kimi tarixi yerlərimiz də qonaqların marağındadır".

Ekspert deyir ki, yerli sakinlərdə də artıq bayram məzuniyyəti deyilən ənənə formalaşıb və tətil həm də öz bölgələrimizə baş çəkmək üçün əla fürsətdi. Hansı ki, son illər bunu da müşahidə edirik.

Emin Ağayev məzuniyyəti xaricdə keçirməyə üstünlük vermənin səbəbini bayrama daxildə elə də əhəmiyyət verilməməsində görür: "İnsanlar bayram tətilindən istifadə edərək başqa ölkələri görmək, gəzmək, istirahət etmək və gününü daha yaxşı keçirməyi düşünür. Avropada, Rusiyada bayramlar kifayət qədər maraqla izlənilir və keçirilir. Amma bu, Milad bayramına aiddir. Novruzda isə ölkədən gedənlər daha çox müalicə və səyahət məqsədilə gedirlər".

Müsahibimiz həm də ölkədə turizm sahəsində qiymətlərin hələ də çox baha olması səbəbindən də insanların xaricə üz tutduğunu deyir.

Naibə Qurbanova


Müəllif: