25 İyul 2023 10:45
2 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il 300-dək erkən nikah qeydə alınır

Azərbaycanın bir sıra bölgələrində yuxarı siniflərdə oxuyan qızların sayında azalma, buna müvafiq olaraq erkən nikahların sayının artması müşahidə olunur.

Yuxarı siniflərdə qız uşaqlarının sayının azalmasına əsas səbəb kimi erkən nikahlar göstərilir. Rəsmi statistik göstəricilərə görə, məhz həmin bölgələrdə erkən nikahların sayı digər yerlərdən daha çox qeydə alınıb. Problemin həlli istiqamətində kompleks və sistemli şəkildə iş aparmaq lazımdır.

Təklif olunur ki, valideynlərin təhsil müəssisələrinə nəzarətini daha da gücləndirmək vacibdir.Erkən nikaha yol verənlərin qanunla məsuliyyətə cəlb edilməsi və bir sıra gender stereotiplərinin aradan qaldırılması sahəsində səylər birləşdirilməlidir. Xüsusilə, vətəndaşlar öz məsuliyyətini dərk etməlidirlər. Əgər erkən nikaha məcburetmə və məişət zorakılığı ilə bağlı qəbul olunan qanunlar haqqında onların informasiyaları çox olsa, belə cinayətlərə risk etməzlər.

Erkən nikahların sayı

Xatırladaq ki, bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda erkən nikah yaşını açıqlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov bildirib ki, Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil, yuxarıdır: “Bəzi ölkələrdə erkən nikahlar üçün yaş həddi daha aşağıdır. Məsələn, Tacikistanda erkən nikahlar üçün yaş həddi 12-dən 15-ə kimidir. Bizdə isə qeyri-rəsmi nikaha daxil olanlar üçün yaş həddi 15, 16, 17-dir”.

Ciddi nəzarət erkən nikahın qarşısını alar

Təhsil eksperti Nadir İsrafilov deyir ki, bu məsələdə gender balansının pozulması var: “Gender müxtəlifliyi eyni zamanda təhsil prosesinə də təsir göstərir. Problemi nəzarətdə saxlamalı olan Təhsil Nazirliyində strateji planlaşdırma şöbəsi var. Həmin şöbənin vəzifəsi bölgələrdə qızların parta arxasına yox, nikah masasına əyləşməsinin səbəblərini araşdırmaldır.

Belə nikahlar cənub bölgələrində daha çox baş verir. Fikrimcə, qızların erkən yaşda təhsildən yayınma səbəbi nəzarətin ciddi olmamasıdır. Bunun üçün də təhsildən kütləvi yayınma halları baş verir. Erkən yaşda ailə quran qızlar məktəbdən çıxırlar. Əgər icbari təhsilə ciddi nəzarət olsa, bu kimi halların qarşısı alınar. Məsələni vaxtaşırı jurnalistlər gündəmə gətirsələr də, bu, sadəcə, gündəmə gəlməklə qalır".

“Köləyə” çevrilən məktəblilər

Psixoloq Vəfa Əkbər deyir ki, məktəbli yaşında ailə həyatı quran qızlarda bir müddət sonra psixoloji problemlər yaranır: “Qızlar yeniyetməliyini, gəncliyini yaşaya bilmirlər. 15-16 yaşda qızlar həyatı dərk etməyə, nəyisə öyrənməyə cəhd edirlər. Həyatı dərk etmədən ailə həyatı qurmaq qızların ”köləyə" çevrilməsi ilə nəticələnir.

Digər tərəfdən, qız uşaqları erkən yaşda ana olurlar. Ailədəki problemlər, qayğılar, uşaq tərbiyəsi ilə bağlı çətinliklər onların psixologiyasına mənfi təsir göstər. Bəzən bu, ailənin dağılması ilə nəticələnir. Ailə sağlam təməl üzərində qurulmayanda belə olur".

Psixoloq deyir ki, erkən ailə quran qızların problemi adətən, bir müddət sonra ortaya çıxır: “Vaxt getdikcə yaşadıqları travmanın təsiri onların depressiyaya düşməsi, stress keçirməsi, heç bir səbəb olmadan ağlaması kimi hallar yaradır. Bu anaların böyütdüyü uşaqlar yeniyetmə yaşına çatanadək artıq onlarda yorulma baş verir, belə qadınlar hər şeydən narazı olurlar. Ailə quran qızlar üçün 21-22 yaş həddi daha yaxşıdır. Təhsilsiz, dünyagörüşsüz adamların çevrəsi geniş olmur. Onlar problemin həllini tapmaqda çətinlik çəkirlər”.

Qız uşaqlarının dərsə davamiyyəti yoxlanmalıdır

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu problem yalnız cənub bölgəsinə deyil, bütün ölkə üçün xarakterikdir: “Erkən nikah deyən kimi çox zaman cənub bölgəsinin adı çəkilir. Halbuki belə yanaşma digər bölgələrin diqqətdən kənarda qalmasına gətirir. Aparılan araşdırmalarda Sabirabad, Gəncə, Saatlıda da erkən evliliklər məlum olub. Məsələn, uşağın adı məktəbdə davamiyyət dəftərinə yazılır və onun təhsildən yayıldığı hiss olunmur...

Erkən nikahların qarşısını almaq üçün məktəblərdə monitorinqlər aparılmalıdır. Burda icra, bələdiyyə nümayəndələri iştirak etməlidirlər. Təklif edirəm ki, bu kimi monitorinqlər altıncı sinifdən yuxarı aparılsın. Birinci sinifdə davamiyyətdə nə qədər uşağın qeydiyyatı var idi, yuxarı siniflərdə necə olub? Bəs qız uşaqlarının dərsə davamiyyəti necədir? Uşağını təhsildən yayındıran valideynlərə qarşı isə cərimələr tətbiq edilməlidir".

Erkən yaşda hamiləlik xəstəliyə səbəb olur

Ginekoloq Naibə Həsənova deyir ki, erkən yaşda hamilə qalan qadınların orqanizmində müxtəlif xəstəliklərə rast gəlinir: “15 yaşlı yeniyetmənin orqanizmi doğuşa hazır olmur. Təbabət sübut edir ki, qadın orqanizmi 18 yaşdan sonra dünyaya övlad gətirməlidir. Erkən yaş zamanı hamilə qalan qızlarda adətən bətndaxili inkişaf geriliyi, təzyiq yüksəkliyi və vaxtından öncə doğuş halları baş verir. Şişkinlik və sidikdə zülal çoxluğu ilə xarakterizə olunan hamiləlik orqanizmdə müxtəlif xəstəliklər yaradır. Bu kimi problemlər daha çox hamiləliyin ikinci yarısında özünü göstərir. Qeyd edim ki, doğuş üçün əlverişli yaş dövrü 20-30 arası hesab olunur”.

2 ilədək azadlıqdan məhrum etmə...

Hüquqşünas İradə Cavadova bildirir ki, Cinayət Məcəlləsinin 176-1 maddəsinə görə, qadını nikaha daxil olmağa məcburetmə cinayət əməli sayılır: “Qadını nikaha daxil olmağa məcburetməyə görə 2 min manatdan 3 min manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Eyni əməl nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Yazı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən nikahlar erkən ölüm riskidir” layihəsi çərçivəsində hazırlanıb


Müəllif: Teleqraf.com