5 Mart 2015 13:31
326

ƏƏSMN iqtisadiyyatdakı dəyişikliklərin sosial müdafiə sistemi və əmək bazarına təsirinin müəyyən olunması üçün aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə milli valyutanın məzənnəsinin dəyişdirilməsinin sosial müdafiə və sosial təminat sisteminə, habelə əmək bazarına təsirlərinin müəyyən olunması üçün nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrinə dair mətbuat konfransı keçirib.

O, bildirib ki, manatın devalvasiyasından keçən 10 gün ərzində minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymət artımı müşahidə edilməyib. Nazir müavini Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətli inteqrasiyası səbəbindən regionda gedən bir sıra qeyri-pozitiv proseslərin, o cümlədən iqtisadi böhranın, MDB məkanında baş verən gərginliklərin, eləcə də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin labüd olduğunu qeyd edib: “Belə şəraitdə manatın məzənnəsinin sabit saxlanılmasının iqtisadi inkişafa mənfi təsiri nəzərə alınaraq onun devalvasiyası qərara alınıb. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaqla, ölkənin ixrac imkanlarını artırmağa, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini möhkəmləndirməyə yönəlib”.

Nazir müavini son 11 ay ərzində Azərbaycanın əsas ticarət partnyorları olan Avropa İttifaqı ölkələrində avronun 18,5%, həmçinin Rusiyada rublun 72%, Türkiyə lirəsinin 23%, Gürcüstanda larinin 21% ucuzlaşdığını qeyd edib. O, belə olan təqdirdə ölkəmizin valyuta ehtiyatlarının qorunması üçün manatın devalvasiyasının iqtisadi baxımdan tam məntiqli və məqsədəuyğun addım olduğunu vurğulayıb: “Bununla əlaqədar ƏƏSMN hazırda manatın məzənnəsinin dəyişdirilməsinin ölkənin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirlərinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən topdansatış ticarət müəssisələrində, bazarlarda, supermarketlərdə və xırda ticarət obyektlərində Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin dəyişməsi vəziyyətini aydınlaşdırıb. Əldə olunmuş məlumatlar manatın devalvasiyasından keçən 10 gün ərzində monitorinq aparılan ticarət müəssisələrində qiymət artımının müşahidə olunmadığını göstərir”.

İdris İsayev əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (ƏMEİS) mövcud olan real və etibarlı məlumatların əmək bazarı ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasına imkan verdiyini vurğulayıb: “ 2015-ci ilin 1 mart tarixinə olan məlumata görə, (Naxçıvan MR üzrə məlumatlar istisna olmaqla) ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə 1 981 273 əmək müqaviləsi bildirişi daxil edilib. Onların 75,8 faizi əmək müqaviləsinin bağlanması, 14,8 faizi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 9,4 faizi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olub”.

Nazir müavini bildirib ki, qeyd olunan tarixə həmin sistemdə aktiv bildirişlərin sayı 1 261 613 ədəddir: “Bunun da 93,6 faizi hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayan işçilər üzrədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə isə sistemdə 80 763 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,4 faizini təşkil edir. Qeyd olunan tarixə 52 653 işəgötürən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi üçün qeydiyyata düşüb. Onların da 42,7 faizi hüquqi şəxs statusunda olan işəgötürənlər, 57,3 faizi isə sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs statuslu işəgötürənlərdir”. İ.İsayev aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizinin və ya 669 338 ədədinin kişilər, 46,9 faizinin və ya 592 275 ədədinin qadınlar üzrə olduğunu qeyd edib: “Habelə aktiv əmək müqavilələrinin 13,9%-i və ya 174 946 ədədi 25-29 yaş hədlərində, 13,23%-i və ya 166 946 ədədi 30-34 yaş hədlərində, 12,85%-i və ya 162 103 ədədi 50-54 yaş hədlərində olan şəxslər üzrədir. Bütün bağlanan əmək müqavilələrinin 0,65%-i və ya 8198 ədədi 15-19 yaş hədlərində, 2,18%-i və ya 27559 ədədi isə 65 yaşdan yuxarı olan işçiləri əhatə edir”.

Azərbaycanda aktiv əmək müqavilələrinin 37,7 %-i ali təhsilli şəxslərlə, 37,3%-i ümumi təhsilli şəxslərlə, 22,2 %-i orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb.

Nazir müavini bildirib ki, kişilər üzrə yaş qrupları üzrə ən çox əmək müqaviləsi bağlanan şəxslər 25-29 yaş hədlərində (kişilərlə bağlanmış əmək müqavilələrinin 15,6 faizi), qadınlar üzrə isə 50-54 yaş hədlərində (qadınlarla bağlanmış əmək müqavilələrinin 14,1%-i) olanlardır. Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 46,6%-i kişilərin, 53,4%-i qadınların payına düşür. Həmçinin 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 45,9%-i kişilərlə, 54,1%-i qadınlarla bağlanıb. 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 48,4%-i kişilərin payına düşdüyü halda, qadınların payı 51,6%-dir: “ƏMEİS-də bu ayın əvvəlinə aktiv əmək müqavilələrinin 37,7 %-i və ya 476001 ədədi ali təhsilli şəxslərlə, 37,3%-i və ya 470 053 ədədi ümumi təhsilli şəxslərlə, 22,2 %-i və ya 280 100 ədədi orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i və ya 35459 ədədi isə ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb. Əmək müqaviləsi bağlanılmış ümumi təhsilli şəxslərin 9707 nəfəri ibtidai təhsilli, 131285 nəfəri ümumi orta təhsilli, 329061 nəfəri isə tam orta təhsilli şəxslərdir. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 60,9%-i kişilərin, 39,1%-i qadınların, ali təhsilli şəxslərin 52,2%-i kişilərin, 47,8%-i qadınların, orta ixtisas təhsilli şəxslərin 38,6%-i kişilərin, 61,4%-i qadınların, ilk peşə-ixtisas təhsilli şəxslərin 75,3%- i kişilərin, 24,7%-i qadınların payına düşür”.

İ.İsayev kişilər üzrə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 30,5%-nin tam orta təhsilli, qadınlar üzrə isə bağlanan əmək müqavilələrinin ən çoxunun , yəni 29,0%-nin isə orta ixtisas təhsilli şəxslərlə bağlandığını nəzərə çatdırıb: “Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76%-78%-i qadınlardır”.

1 oktyabr 2014-cü illə müqayisədə 1 mart 2015-ci il tarixə aktiv əmək müqavilələrinin sayında müsbət saldo mövcuddur

Nazir müavini ƏMEİS-də qeyd olunan tarixə aktiv olan əmək müqaviləsi bildirişləri üzrə xitam verilmiş əmək müqavilələrinin sayının 179 086 ədəd olduğunu diqqətə çatdıraraq bildirib ki, bunun 72,8%-i və ya 130306 ədədi kişilərin, 27,2%-i və ya 48780 ədədi isə qadınların payına düşür: “Xitam verilmiş əmək müqavilələrinin 3191 ədədi işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə bağlı olub. 1 oktyabr 2014-cü illə müqayisədə 22754 işəgötürəndə 276910 ədəd aktiv əmək müqaviləsinin artımı, 6568 işəgötürəndə 43746 ədəd aktiv əmək müqaviləsinin azalması qeydə alınıb, 2876 işəgötürəndə aktiv əmək müqavilələrinin sayında dəyişiklik olmayıb. Göründüyü kimi, 1 oktyabr 2014-cü illə müqayisədə 1 mart 2015-ci il tarixə aktiv əmək müqavilələrinin sayında müsbət saldo (+233164 ədəd) mövcuddur”.

Dövlət Əmək Müfəttişliyi Xidməti daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə bağlı araşdırmalara başlayıb.

Sistemdə məşğulluq təsnifatı üzrə 7093 vəzifə üzrə əmək müqavilələrinin bağlanmasının qeydə alındığını bildirən İ.İsayev əlavə edib ki, ən çox əmək müqaviləsi bağlanılan vəzifələr müəllim, həkim, fəhlə, sürücü, xadimə, mühəndis, satıcı, operator və s. vəzifələr, ən çox əmək müqaviləsi xitam verilən vəzifələr isə fəhlə, sürücü, satıcı, operator və s. vəzifələrdir. Göstərilən dövrdə ən çox əmək müqaviləsinə xitam verilən sahələr tikinti, ticarət, emal sənayesi, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri olub ki, bu da daha çox həmin sahələrdə əmək müqavilələrinin əsasən müddətli olması və işçilərin hərəkət tezliyinin yüksək olması ilə bağlıdır. Əvvəlki illərlə müqayisədə bu tendensiya tikinti, ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində daha (təxminən 30%) sürətlidir.

Nazir müavini əmək müqaviləsinə xitam verilməsi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları barədə də məlumat verib. “ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsi üzrə əmək müqaviləsinə xitam verən işəgötürənlərə qanunvericiliyin tələblərinin çatdırılması məqsədi ilə onlara müvafiq məktublar göndərilib və daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə münasibətdə araşdırmalara başlanılıb. Belə hallara yol vermiş işəgötürənlərdən qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması tələb olunub”.

Daha sonra İ.İsayev jurnalistlərin suallarını cavablandırıb.

Naibə QURBANOVA


Müəllif: