16 May 2014 19:19
6 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvad mollası: “Elələri var, ağlaşma yarışına çıxıblar”

Bu günlərdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, yas mərasimlərində mərsiyə oxuyanlarla bağlı tədbir görmək lazımdır. Çünki orada qadınlara nə deyirlər, bilinmir. Onun fikrincə, Qafqaz Müsəlmanları İdarəsi bu sahəyə nəzarət etməlidir. Qadın yas mərasimlərində nələr söylənir? Bu qadınlar harada təhsil alır? Onların Qafqaz Müsəlmanları İdarəsi və onun nəzdində olan məscidlərlə nə qədər əlaqəsi var? Bütün bunları öyrənmək məqsədilə mərsiyə deyən molla qadınlardan biri ilə söhbət etdik. Bizimlə danışmağa ehtiyat etdiyinə görə, ona mərsiyələrdə folklor nümunələri axtardığımızı bildirdik.

“Allah mənə hər yerdə danışmağa izn vermir”

“Sənə qurban, telefonla danışmağıma icazə yoxdur. Allah mənə hər yerdə danışmağa izn vermir. Yalnız münasib yerdə danışa bilərəm. Dur, gəl görüm, nə istəyirsən? Allah izn versə, səninlə üzbəüz danışaram”.
Deyilən ünvana getdik. QMİ-nin adını eşitcək özünün təbirincə desək, Hacı, Kərbəlayi, Məşədi Rəna Salamova bizimlə danışmağa “Allahdan rüsxət” olduğunu dedi. Söhbətimizi oxuculara təqdim edirik:

- Yas mərasimlərində nə oxuyursunuz?

- Mənim balam, movludlarda oxunanlarla yas mərasimlərində oxunanlar arasında fərq var. İmam Hüseyn məclislərində oxunanlarsa tamam başqadır. Mövludlar Peyğəmbərimiz salavatullahın şərəfinə verilir, burda oxunanlara sur deyilir. Sur toylarda da oxunur. Özü də hərəsinin öz avazı var. Mərsiyələr isə yas mərasimlərində oxunur. İmam məclislərində isə, on iki imamlar, Əbülfəzl Abbas, İmam Hüseyn, Xanım Fatimeyi- Zəhra, Xanım Zeynəblə bağlı mərsiyələr oxunur.

- Bu mərsiyələri haradan alırsınız?

- Çoxlu mərsiyə kitabları var. İrandan gələn kitab var: “Kəlami”. Orada gözəl mərsiyələr var, gözəl rozalar var. Mərasim başlayanda 11-dən 1-dək ancaq rozalar deyirik, növhə, “Yasin”, “İnsan” və sair surələri oxuyuruq, “Qələmlərin naləsi” kitabı var. Bu kitab - “Əldə qələm qan ağlar”, hamısı imamlardandı. (Kitaba baxmaq istədik, özünə tərəf çəkib, vermədi).

- Müəllifi kimdir?

- Burda yazılıb da. Toplayanı: M.Əzimzadə. Çox gözəl kitabdır, kəlmələri adamın ürəyini titrədir. Bir qulaq asın: “Qoymaram, məzarə, əsxər” də nə deyir.

- Əsxər nədir?

- (Bir az duruxub)Yəni, əsgər. (Səsini tonunu dəyişib, haray çəkirmiş kimi oxuyur)

Qucaqla, səni dəfn edəndə, sinəmə dübarə
Sənindən yetəm mən, gərək hüzrü, yarə
Şərəfi-hüzrü, yarə aparım
Əlim üstə mən səni məclisi-nigarə...

“Lənkəranda xanım Səmayə var, çox gözəl mərsiyələr yazıb”

- Bəzi sözlər anlaşılmır, deyəsən, bu kitabda səhvlər var.

- (Bir az qeyzlənir) Nə səhv var, qəzəl dilində yazılıb. Çoxdur ey məndə mərsiyə. Lənkəranda xanım Səmayə var, çox gözəl mərsiyələr yazıb. Bu dəftəri görürsünüz necə cırılıb, rəhmətlik seyid xanım vardı, o ölməmişdən qabaq mənə hədiyyə edib.
“Yaşımın bu çağında Allahdan mənə vəhy gəldi”

- Siz harda təhsil almısınız?

- Qonşuma İrandan müəllimlər gəlmişdi, dərs demişdi. Mən də ondan öyrəndim. Bir az da Mehdiyyə məscidində öyrənmişəm. Özüm pensioner ola-ola, yaşımın bu çağında Allahdan mənə vəhy gəldi, surələri öyrənməyimə rüsxət verildi. Mən düzgün danışmağı sevirəm, bəzi surələri düzgün oxumağı hələ də bilmirəm, amma öyrənməyə həvəsliyəm.

- Bəzən ölü sahibləri narazılıq edirlər ki, yasda mola ağlamağımıza imkan vermir, yalnız imamlar üçün ağlaşma olur.

- Allah iraq eləsin, onlar vəhabilərdir, bizə bunun aidiyyəti yoxdur, mənim balam. Onlar deyirlər ki, insan öldü, oldu cəsəd, apar basdır, nə onun üçün ehsan ver, nə Yasin oxu. Onlar mərsiyə-zad qəbul eləmirlər, Bir Allahı tanıyırlar, bir də peyğəmbərimizi. Oniki imamlarımızdan, on dörd məsumlarımızdan onların xəbəri yoxdur. Ağlaşma olmalıdır, necə yəni? Ölü yiyəsi ağlasın ki, ürəyi boşalsın da. Harda yazılıb ki, ağlamaq olmaz?

- Bəs harda yazılıb ki, ağlamaq olar?

- A qızım, insanın canından can gedib, ağlaşma olmalıdır da...

- Bəzən də yas mərasimlərində mərsiyəxan məclisi elə qızışdırır ki, ağlamaqdan qadınlar özündən gedir, necə deyrələr, yas-yasa qarışır. Onsuz da cəmiyyətimizdə nevrozlu insanlar çoxdur, sizcə, bu doğrudur?

- Yox, bu doğru deyil. Elələri var, üzünün ətinin qoparır, saçını yolub, qoyur ölünün üstünə, gözündən yaş çıxmır, amma özü şəbeh çıxarır. O zaman mən məclisi sakitləşdirmək üçün, belə ağlamağı qadağan edirəm.
Deyirəm: “Sözlərin Qurandan kəsərli olsa, zehinə təsir edən zəhərli olsun, Yaşın lap ötüb 150 olsa, Quran danışanda lal ol, danışma.
Quranı dinlə ki, açılsın zehnin, hidayət yolunu dərk eylə özün,
Əgər istəyirsən ki, nurlansın üzün, Quran danışanda, lal ol danışma”.

- Mərsiyələrdən başqa, yas mərasimlərində nə oxunur?

- Mərsiyə adətən imamlarımız, on dörd məsum və məsumələrimiz üçün oxunur. Düzdür, atası ölən üçün ata, anası ölən üçün ana mərsiyəsi var. Amma bu mərsiyələrin də hamısı ithaf olunur, peyğəmbərimizə, xanım Zəhraya, xanım Zeynəbə...

- Yəni, siz bir növ onların həyat tarixçəsini şer dili ilə insanlara çatdırırsınız?

- Ay sağ ol, bax elədi.

- Bəs mərasim iştirakçıları bundan nə nəticə çıxarır?

- Mənim işim bunu çatdırmaqdı, hansı nəticəni çıxarar, özləri bilər.

- Yas mərasimlərində mərsiyələrdən başqa nə oxunur?

- Rozalar, oxşamalar.

- Roza nədir?

- Roza imamlarımızın həyatındandır! Roza deyirsən camaat ağlayır. Oxşama isə yas mərasimlərindəkinin istəyinə uyğun ölü üçün deyilir. Rozalar avazla oxunur, oxşama bayatılar üstə deyilir.

- Bağışlayın, siz şiəsiniz?

- Mənim məzhəbdən anlayışım yoxdur, bilmirəm.

- Sizin məclis idarə etməniz məscidlə razılaşdırılır?

“Molla aldığı puldan məscid 20 manat götürür”

- Yox, mənim belə işlərdən xoşum gəlmir. Adam var gedib, adını yazdırır, məsciddə, mərsiyəxan kimi. Kimə molla lazımdı, məscidə deyir, məscid də həmin mollanı tapır, yas məclisinə göndərir, molla aldığı puldan da məscid özünə 20 manat götürür. Elə bil olursan məscidin bir növ işçisi, hər gün yasa gedirsən. Mən elə acgöz deyiləm. 67 yaşım var, iki uşağımı da yerbəyer etmişəm, nəyimə lazımdır, artıq dünya malı? Hər gün yasda ağlaşma qursam, öz canım da əldən gedər. Amma elə molla var, özü heç ağlamır, camaatı ağladır. Allahdan qorxmurlar, camaatı ağlatmaq yarışına çıxıblar. Mən məscidlə işləmirəm, yas mərasimlərində nömrəmi verirəm, məclis aparmağım kimin xoşuna gəlir, məni çağırır. Özü də elə məclis olur Allah rizasına pulsuz aparıram.

- Bəs ümumlikdə qiymət nə qədərdir?

- Nə bilim adam var, 50 verir, adam var 70. Bu baxır, məclis sahibinin səxavətinə.

Sevil HİLALQIZI


Müəllif: