6 Mart 2015 17:03

"Yehova şahidləri” dini icması yenidən aktivləşib. İcma üzvləri qapı-qapı düşərək təbliğati buklet və jurnallar paylayırlar. Xüsusən paytaxtın Əhmədli qəsəbəsində demək olar ki, hər gün icmanın üzvlərini görmək mümkündür. Onlar bununla öz dini fikirlərini yayır və insanları bu dini icmaya qoşulmağa dəvət edirlər. Maraqlısı budur ki, küçədə onlardan icma barəsində məlumat almaq mümkün deyil. Ətraflı məlumatların ancaq öz məkanlarında veriləcəyini deyirlər.

Mövzunun həssaslığnı nəzərə alaraq movqe.az-ın əməkdaşı deyilən ünvana yollandı. Məlum oldu ki, icma həftədə iki dəfə metronun "Xalqlar dostluğu” stansiyasının yaxınlığında, Seyid Əzim Şirvani küçəsi 2b ünvanındakı keçmiş "Çinar” kafesinin binasında yığışırlar. İkimərtəbəli bina geniş ərazini tutur. İlk baxışda binanın super təmirli, bütün tələblərə cavab verdiyi açıqca görünür. İcmanın yığıncağı başladığından binanın həyətində kifayət qədər bahalı nəqliyyat vasitələrini də görmək mümkündür. Binaya daxil olanda isə bütün hər kəsin bir-biri ilə salamlaşması mütləqdir. Diqqət çəkən digər məqam odur ki, icamının yığıncağında iştirak edən bütün kişilər qalstuk taxmalıdır. İcma üzvləri bunun xristian geyim tərzi olduğunu deyirlər. Bir saatlıq yığıncaqları özlərinin kitabı sayılan "Müqəddəs Kitabdan” hekayələr oxumaqla keçir. Sözügedən kitab Zəbur, Tövrat və İncilin birləşməsidir.

Diqqət çəkən digər məqam odur ki, yığıncaq ərzində danışılan mövzularda həm də Quranın aşağılanmasına çalışılır. Yehovanın həyatı və İsrail tarixindən daha çox söz açılır. Maraqlısı budur ki, orada rəhbər yoxdur. Yığıncağı aparan şəxslərə "ağsaqqal” deyə müraciət edirlər. Ümumiyyətlə isə Azərbaycanda icmaya kimin rəhbərlik etdiyi bilinmir. İcma üzvləri bunu "burada hər kəs eynidir” sözləri ilə izah edirlər. Hətta özlərinin "könüllü ianə” qutuları da var. Ancaq vətəndaşlar arasında şayələr də var idi ki, "Yehova şahidləri”nin üzvü olan insanlara icma müəyyən müddətdən sonra pul verir. İcma üzvləri isə bu şayənin əsassız olduğunu deyirlər. Diqqət çəkən bir məsələ də odur ki, icma üzvləri özlərinin istədikləri sualları cavablandırırlar. Artıq nəyisə öyrənmək üçün gərək onların yığıncaqlarında mütəmadi iştirak edəsən.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva movqe.az-a açıqlamasında bildirdi ki, "Yehova şahidləri” Azərbaycanda təkrar qeydiyyatdan keçməyib: "Ancaq hələ əvvəlki qeydiyyatı var. Təkrar qeydiyyatdan keçmə prosesinin uzanması isə bəlli deyil. Məsələ burasındadır ki, onlara təkcə qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərə bilərlər. Həmin üvandan kənarda fəaliyyətlərinə icazə verilmir”.

İlahiyyatçı alim Elşad Miri bildirdi ki, bu gün insanlardakı dini biliyin azlığından, İslamı düzgün öyrənmədiklərindən həmin qrupu seçirlər: ""Yehova şahidləri”nin güclü təbliğat metodları var. Onlar hətta xritstianlarla da mübarizə aparırlar. Hazırki xristianlığı bu şəkildə qəbul etmirlər. Məsələn katolikləri qəbul etmək istəmirlər, provaslavlarla bağlı özlərinin qəti fikirlərini ortaya qoyurlar. Müxtəlif vasitələrlə insanlarda özlərinə qarşı simpatiya yaradırlar. Yəni, geyimi, danışığı, mədəniyyətləri ilə insanları öz tərəflərinə çəkməyə çalışırlar”.

İlahiyyatçının sözlərinə görə, "Yehova şahidləri”nin Azərbaycan cəmiyyəti üçün təhlükəli tərəfləri var: "Çünki, onlarda müəyyən qadağalar mövcuddur. Məsələn, dövlətin atributlarını, qanvermə və qanalmanı, hərbi xidmət anlayışını qəbul etmirlər. Hətta eyni dinə qulluq edən düşmən xalqın vətədaşını belə özlərinə qardaş kimi görürlər. Ona görə də "Yehova şahidi”nin üzvü olan azərbaycanlı erməniyə güllə atmağın əleyhinədir. Bundan başqa, onlarda Qurana qarşı kinayə ilə yanaşma tərzi də hökm sürür”.


Müəllif: