7 Mart 2015 13:08
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Səhiyyə Təşkilatı (DST) yeni açıqlamasında uşaq və böyüklərə şəkərdən gündəlik istifadəni 10 faizdən aşağı salmağı məsləhət görür. Təşkilat 1980-ci ildən bəri piylənmə hallarının iki dəfədən çox artdığını bildirib.

Hesablamalara görə, 2014-cü ildə yaşı 18-dən yuxarı olan 1, 9 milyard insanın artıq çəki problemi ilə qarşılaşıb, onlar arasında 600 milyon insan isə piylənmədən əziyyət çəkir. DST-nin sağlam qidalanma şöbəsinin direktoru Françesko Branka deyib ki, gündəlik istifadə edilən şəkər 10 faizdən aşağı salınsa, piylənmə, artıq çəki və dişlərin çürüməsi riski azala bilər. Bundan başqa, o, gündəlik istifadə edilən qlükoza, friktoza və masada istifadə edilən şəkərlərdən istifadənin illərdir artdığını vurğulayaraq bunun sağlamlığa mənfi təsir etdiyini deyib.

Ekspert əksər ərzaqların tərkibində təbii şəkər və minerallar olduğu üçün onlara həmin maddələrin əlavə edilməsinə gərək olmadığını bildirib: “Şəkərin istifadə miqdarı 25 qramdan aşağı olmalıdır. Bu, təxminən altı çay qaşığına bərabərdir. Bu zaman söhbət təmiz şəkərdən gedir. Bal, tərəvəz, meyvə və şirələrin tərkibində olan təbii şəkər isə sağlamlıq üçün təhlükə yaratmır”.

DST ekspertləri xəbərdarlıq edirlər ki, tövsiyə edilən normanı keçmək çox asandır. Məsələn, cəmi bir banka “Coca-Cola”da 40 qram, bir xörək qaşığı ketçupda isə 4 qram şəkər var.

Təsadüfi deyil ki, son illər çoxalan bədxassəli şiş xəstəliklərinin səbəblərindən biri kimi “ağ ölüm” adlandırılan şəkər və duzdan həddindən artıq istifadə olunması vurğulanır. Artıq dünyanın əksər onkoloqları qəti şəkildə bəyan edirlər ki, xərçəng xəstəliyini yaradan əsas səbəblərdən biri qida məhsullarında sümük tozundan istifadə edilməsidir. Sümüklərin bütün növ heyvanlara, kolbasa sexlərindən gətirilmiş inək, donuz, eşşək, at, camış və ya öküz kimi heyvanlara aid olduğu bildirilir.

Suda tam həll olmalı, çöküntü verməməlidir

Ölkəyə idxal edilən və yerli istehsal olan məhsulların tərkibi ilə bağlı şübhələrin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. Bildirdilər ki, qurum yalnız tövsiyə xarakterli məlumat verməklə kifayətlənir.

Dövlət Xidmətindən dedilər ki, vətəndaşlar şəkər alarkən diqqətli olmalıdırlar: “Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görüşünə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Şəkər tozu quru, dənəvər olmaqla, ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır. Bu məhsulların rəngi ağ, sarımtıl, parıltılı olmalı, dadı təmiz şirin olmaqla kənar dad və iyi verməməlidir. Suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunun nəmliyi 0,14 faizdən, quru maddəyə görə saxaroza 99,75 faizdən az, reduksiyaedici maddələr 0,05 faizdən, kül isə 0,03 faizdən çox olmamalıdır. Rafinad qəndinin nəmliyi çeşidindən asılı olaraq 0,1-0,4 faizdən çox, quru maddəyə görə saxaroza 99,9 faizdən az olmamalıdır”.

İl ərzində 17 kiloqram şəkər yeyirik

Hesablamalara görə, hər bir insan il ərzində 17 kiloqram şəkər və qənnadı məhsulları istehlak edir. Statistik məlumatlara görə, Azərbaycanda bu nemətin istehlak miqdarı əmək qabiliyyətli əhali üçün 17, 0-15 yaş arası uşaqlar üçün 18 kiloqram təşkil edir.

İqtisad Universitetinin qida məhsulları texnologiyası kafedrasının əməkdaşı Rəsul Niyazov Azərbaycanın qənd istehsalında o qədər təcrübəli ölkə olmadığını deyir. Bununla belə, o, ölkədə şəkərin son texnologiyalara uyğun olaraq, yüksək keyfiyyətlə hazırlandığını bildirdi: “Hazırda ölkənin ən iri şəkər istehsalçısı İmişli Şəkər Zavodudur və burada istehsal olunan məhsulun keyfiyyətini qənaətbəxş saymaq olar. Ümumiyyətlə, məhsulun keyfiyyəti birbaşa xammaldan asılıdır. Azərbaycanın iqlim şəraiti şəkər çuğundurunun yüksək keyfiyyətdə yetişməsinə birbaşa təsir edir. Qənd şəkərliliyinə görə fərqlənir. Elə şəkər var ki, onlar standartlara tam cavab vermir. Tərkibindəki saxarozanın miqdarına görə keyfiyyət də müəyyən edilir. Amma bunların hamısı laborator göstəricilərə əsasən deyilir”.

Şəkərdən niyə imtina etməliyik?

“Dialab” tibb mərkəzinin həkim-endokrinoloqu Mənsurə Şıxəliyeva hətta çay içərkən belə, şəkərdən istifadəni minimuma endirməyi məsləhət görür. O, çayı meyvə qurusu, bal və digər təbii qidalarla içməyin ziyansız olduğunu deyir: “Əslində şəkər enerjidən başqa heç bir qidalandırıcı dəyərə malik deyil. Həmin enerjini isə orqanizm başqa ərzaqlardan alsaydı, daha faydalı olardı, bununla orqanizm həm də əlavə vitamin və mineral maddələr qəbul edərdi”.

Şəkərin sıradan çıxardığı orqanlar arasında birinci yerdə dişlər dayanır. Bunun müalicəsi mümkün olsa da, zərər çəkmiş daxili orqanların əvvəlki fəaliyyətini bərpa etməsi çətin başa gəlir və çox vaxt ağırlaşmalar yaradır.

Mənsurə Şıxəliyeva şəkər qəbulunun orqanizmdə piylərin artmasına gətirib çıxardığını bildirir, şəkərin glikemik effektinin olduğunu deyir: “Məsələn, insan şirin tort yeyən kimi şəkər ani olaraq qana sorulur. Qanda şəkərin miqdarı artmağa başlayır. Mədəaltı vəzi insulin ifraz edir və həmin insulin şəkərin miqdarın ciddi aşağı salır. Beyinə bir qədər də yeməklə bağlı siqnal gedir. İnsan yenə tort yeyir. Beləcə bu davamlı olur. Nəticədə davamlı şəkildə orqanizmdə insulin əmələ gəlməyə başlayır. Bu isə xroniki diabet və infarkt qazanmaq riskini artırır. Nəticədə qanda saxarozanın miqdarının artması ateroskleroz, işemiya və hipertoniya xəstəliklərinə tutulma riskinin yüksəlməsinə gətirib çıxarır və insanın immun sistemi pozulur”.

Şəkərdən imtina etməyin çətin olduğunu ekspertlər onun beyində serotin və dofamin kimi xoş duyğular oyadan hormonların ifrazına təsiri ilə izah edirlər. Bununla belə, təbabətin illər əvvəl “ağ ölüm” adlandırdığı şəkərdən artıq imtina edənlərin sayı çoxalmaqdadır. DST-nin son açıqlamasında da elə bu tövsiyə olunur.

Naibə QURBANOVA


Müəllif: