19 May 2014 12:25
17 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil sistemində liseylərin daha yüksək göstəriciləri var

Bütün sahələrdə olduğu kimi, təhsildə də sağlam rəqabət əsas meyardır. Azərbaycan reallığında isə təhsil sahəsində sağlam rəqabət nisbi amildir. Bu nisbiliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyinin hər il ən yaxşı ümumtəhsil məktəb göstəriciləri üzrə açıqladığı fərqli nəticələr də təsdiq edir. Bu səbəbdən valideynlər övladlarının hansı orta məktəbdə təhsil alması seçimində çətinliklərlə üzləşir.

Güman edirik ki, TQDK-nın hər tədris ili üçün bütün ölkə üzrə orta məktəb məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrə dair statistik məlumatı valideynlərin köməyinə çata bilər. Əhalinin böyük hissəsinin rəsmi və ya qeyri-rəsmi qaydada Bakıda məskunlaşdığını nəzərə alıb, TQDK-nın paytaxt üzrə apardığı təhlillərin nəticələrini oxucularımızın diqqətinə çatdırırıq.

TQDK-nın ötən il elan etdiyi nəticələrə görə, şəhərin ümumtəhsil müəssisələrini 20041 şagird bitirib, onların 19456 nəfəri buraxılış imtahanında iştirak edib və 17412 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. Ümumilikdə isə 19952 nəfər attestat alıb. Attestat alanların 84.24%-i (16807 nəfəri) qəbul imtahanlarında iştirak edib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak edənlərin 55.91%-i) tələbə adını qazanıb. Onların 34.26%-i (3219 nəfəri) dövlət, 1.01%-i (95 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48.49%-i (4556 nəfəri) dövlət, 16.24%-i (1526 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

Şəhər məzunlarının 1759 nəfəri 500-dən, o cümlədən 521 nəfəri 600-dən yuxarı bal toplayıb.
Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Bakı şəhəri üzrə ən pis məktəblər

Qəbul imtahanlarında 317 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 209, 184 və 197 saylı tam orta məktəblərin bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul olmayıb.

Ötən il şəhərin ən yaxşı məktəbləri sırasına isə Texniki humanitar lisey, 72 saylı məktəb-lisey, 291 saylı “Araz” ekologiya liseyi, 261 saylı məktəb-lisey, 160 saylı klassik gimnaziya, 287 saylı “Zəkalar” liseyi, 147 saylı texniki-humanitar təmayüllü lisey, 264 saylı məktəb-lisey, 62 saylı məktəb-lisey və 94 saylı məktəb daxildir.

Şagirdlərin sayı ildən-ilə azalır

2012-ci ildə şəhərin ümumtəhsil müəssisələrini 21837 şagird bitirib, onların 20166 nəfəri buraxılış imtahanında iştirak edib və 19518 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. Göründüyü kimi, 2013-cü illə müqayisədə şagirdlərin sayı 1796 nəfər azalıb.

Qeyd edək ki, TQDK fərqlənən məktəbləri müəyyən etmək üçün əsas götürdüyü meyar budur: ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən məzunların sayı 10-dan (yaxud 5-dən) və iştirak etmə faizi 50-dən (yaxud 80 faizdən) az olmamalıdır.

Liseylər arasında “Gənc istedadlar” birincidir

Ali məktəblərə qəbulda liseylərin yüksək göstəriciləri var. Ötən il liseyləri 1873 şagird bitirib, onların 1660 nəfəri buraxılış imtahanında iştirak edib və 1616 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb.
Ümumilikdə 1868 nəfər attestat alıb. Attestat alanların 83.35%-i (1557 nəfəri) qəbul imtahanlarında iştirak edib. Lisey məzunlarının 360 nəfəri 500-dən, o cümlədən 131 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Qəbul imtahanlarında 32 məktəbin məzunları iştirak edib. İlk onluğa düşən liseylər sırasına BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Bakı Avropa liseyi, Xəzər Universitetinin nəzdində “Dünya” məktəbi, Müasir Təhsil Kompleksi, “Elitar” gimnaziya, “İntellekt” məktəb-liseyi, Heydər Əliyev adına lisey, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası daxildir.

Lisey məzunlarının 286 nəfəri 500-dən, o cümlədən 143 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu “Qafqaz” Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

2013-cü ildə türk liseyləri arasında yüksək nəticə göstərənlər Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Bakı Türk Anadolu liseyi, Bakı Özəl türk liseyi, Bakı özəl türk kompüter liseyi “Dədə Qorqud” filialı, Atatürk liseyi (Türk Dünyası araşdırmaları vəqfi), “Qafqaz” Azərbaycan-Türkiyə özəl gimnaziyasıdır. Onluğa daxil olan digərləri isə Naxçıvan türk liseyi, Şərur türk liseyi, Gəncə Azərbaycan-Türkiyə özəl liseyi, Bakı Özəl türk liseyinin Lənkəran filialıdır.

Təhsil Nazirliyinin ən yaxşı məktəbləri

Onu da bildirək ki, hər il Təhsil Nazirliyi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi qaliblərinin siyahısını elan edir. 2013-cü ilin nəticələrinə görə, siyahıda ilk dayanan Ağstafa şəhər 2 nömrəli məktəbi olsa da, digər sırada ilk onluğa düşən məktəblər Bakı şəhərinin payına düşür: Bakı Dövlət Universiteti nəzdində “Gənc İstedadlar” liseyi, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, 6 nömrəli məktəb-lisey, Bakı şəhəri 20 nömrəli məktəb-lisey, Bakı şəhəri 27 nömrəli tam orta məktəb, Bakı şəhəri 29 nömrəli tam orta məktəb, Bakı şəhəri 30 nömrəli tam orta məktəb, Bakı şəhəri 32 nömrəli tam orta məktəb, Bakı şəhəri 35 nömrəli tam orta məktəbdir.

2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 50 ümumi təhsil müəssisəsinin hər biri 10.000manat məbləğində birdəfəlik pul mükafatı alıb.

Müsabiqədə iştirak etmək istəyən ümumi təhsil müəssisələri üçün Təhsil Nazirliyinin əsas götürdüyü meyar son üç ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında məzunlarının yüksək bal toplamasıdır.


Ən bahalı liseylər

Onu da qeyd edək ki, liseylər arasında illik ödəniş haqqı çox yüksək olanlar da var. Məsələn, Bakı Özəl Türk Liseyinin illik təhsil haqqı 8250 manatdır. Nəinki onluqda, nə TQDK-nın, nə də Təhsil Nazirliyinin 50 ən yaxşı məktəbi siyahısına daxil olmayan “Oxford məktəbi”nin Bakı filialında isə illik ödəniş 14-16 min manatdır.

Bu mövzuya isə gələcəkdə qayıdacağıq.

Sevil HİLALQIZI


Müəllif: