9 Mart 2015 16:49

Bu gün Qusar rayonunun Hil və Bədirqala kəndlərində Təhsil Nazirliyi tərəfindən yeni inşa olunmuş ümumtəhsil məktəblərinin açılışı mərasimləri keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, yeni məktəblərin açılış mərasimlərində təhsil naziri Mikayıl Cabbarov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.


Öncə Qusar rayonu Hil kənd ümumtəhsil məktəbinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib və qonaqlar təhsil müəssisəsi ilə tanış olublar. Yeni istifadəyə verilən 180 şagird yerlik Hil kənd ümumtəhsil məktəbinin 11 sinif otağı, 2 laboratoriya, 2 əmək təlimi otağı, gənclərin çağırışaqədər hazırlığı otağı, kompüter otağı, müəllimlər otağı, tibb məntəqəsi, bufet, kitabxana, akt zalı və idman zalı var. Məktəbin binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib, qazanxana istifadəyə verilib. Məktəbin akt zalında müəllim, valideyn və kənd sakinləri ilə görüş keçirilib. Yeni inşa olunmuş məktəblə bağlı pedaqoji kollektivi və yerli sakinləri təbrik edən təhsil naziri Mikayıl Cabbarov görüş iştirakçılarına ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib. Nazir bildirib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.


Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxışında yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir etdiyini vurğulayıb.


Növbəti açılış mərasimi Qusar rayonunun Bədirqala kəndində ümumtəhsil məktəbinin yeni binasında keçirilib. Məlumat verilib ki, 1947-ci ildə tikilmiş əvvəlki birmərtəbəli məktəb binası uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşmüşdü. Ötən il Təhsil Nazirliyi tərəfindən köhnə məktəb binasının yerində yenisinin inşasına başlanılıb və tikinti nəzərdə tutulan müddətə başa çatdırılıb.


Mərasim iştirakçıları məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olub, siniflərə, idman zalına, laboratoriyaya baxıblar. Yeni məktəbdə 11 sinif otağı, 1 ümumi laboratoriya, kompüter otağı, müəllimlər otağı, texniki otaq, bufet, akt zalı, idman zalı mövcuddur. Binada videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib, qazanxana tikilib. Sonra akt zalında müəllimlər, valideynlər və yerli sakinlərlə görüş keçirilib.


Müəllif: