10 Mart 2015 22:10

Prezident İlham Əliyevin fevral ayının 2-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı bölgələrdə olduğu kimi, Bakının Səbail rayonunda uğurla davam etdirilir.

Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, xüsusi qrafiklər tərtib olunub.

İcra hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, bütün qəsəbə və yaşayış sahələrində tibbi aksiya ilə bağlı sakinlər arasında təşkilati-izahat işləri aparılır. Rayon ərazisində fəaliyyət göstərən 1 və 2 saylı, eləcə də, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tibbi müayinələrin keçirilməsi üçün lazımi şərait yaradılıb. Bundan əlavə, idarə və təşkilatlarda müayinələrin keçirilməsi, o cümlədən evdə olan yataq xəstələrinin müayinəsi məqsədilə səyyar həkim briqadaları da təşkil olunub. Artıq indiyə qədər rayon üzrə 38536 nəfərin müayinələrdən keçməsi təmin olunub.

1 saylı şəhər poliklinikasının şöbə müdiri Esmira Məmmədova bildirib ki, bugünkü müayinələr vətəndaşlarımızın sağlamlığının Azərbaycan dövləti üçün nə qədər vacib olduğunu göstərir. Ən müasir tibbi avadanlıqlar, dərman preparatları ilə təchiz olunmuş poliklinikamızda həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Rayon sakinləri poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən sakinlər onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: