11 Mart 2015 01:07

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Telman Pənahova məxsus “Ruslan 93” marketdə yoxlama aparıb.

Bu barədə Teleqraf.com-a İSN-nin mətbuat xidmətindən məlumat verilib. Aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Naibə QURBANOVA


Müəllif: