11 Mart 2015 21:22
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Nyu-Yorkdakı qərargahında “Bir qadın, bir uşaq” təşəbbüsün həyata keçirilməsi ilə bağlı toplantı keçirilib.

“Bir qadın, bir uşaq” kampaniyası uşaq və qadın sağlamlığının qlobal mühafizəsi strategiyası çərçivəsində BMT-nin Baş katibi Pan Gi Mun tərəfindən elan olunub. Təşəbbüs 2010-cu ildə BMT Baş Məclisinin sessiyasında təsdiq olunub. Onun məqsədi tibbi xidmətlərin göstərilməsi sisteminin yaxşılaşdırılması, bu sahəyə ayrılan maliyyənin artırılması və siyasi iradənin gücləndirilməsi yolu ilə beş yaşına qədər daha 15 milyon uşağın, 570 min qadının hamiləlik və doğuş zamanı ölümünün qarşısını almaqdır.

“Beş ildən sonra da bu tərəfdaşlıq davam edir və böyüyür”, - Pan Gi Mun deyib. O vurğulayıb ki, 2010-cu ildən başlanan bu təşəbbüsə dünyanın bir çox ölkələrindən 300 tərəfdaş qoşulub. Onlar qadınların və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş 400 konkret öhdəlik götürüblər.

Bu təşəbbüs sayəsində beş il ərzində 2,4 milyon qadın və uşağın həyatını xilas etmək mümkün olub. Uşaqlar ishal əleyhinə dərmanlarla təmin olunub, onların çoxu düzgün qida almağa başlayıblar. Kampaniya əsasən ana südünün faydası haqqında əhalinin məlumatlandırılması üzrə aparılıb. Bu gün qadınların əksəriyyəti tibb müəssisələrində uşaq doğur, o cümlədən qadınlara və qızlara bu müəssisələrdə tibbi xidmət göstərilir.


Müəllif: