11 Mart 2015 17:02
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il martın 15-də ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək.

Komissiyadan verilən məlumata görə, imtahan 29 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili), riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılır.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 430 zal nəzarətçisi cəlb olunub.

İmtahanlarda ümumilikdə 5026 şagirdin (Bakıda 2049, Gəncədə 337, Şəmkirdə 92, Gədəbəydə 185, Qazaxda 99, Tovuzda 134, Sumqayıtda 420, Abşeronda 135, Şamaxıda 66, Qaxda 117, Bərdədə 136, Göyçayda 106, Kürdəmir 117, Zərdabda 80, Şirvanda 170, Sabirabadda 94, Biləsuvarda 83, Salyanda 91, Saatlıda 116, Lənkəranda 77, Cəlilabadda 100, Qubada 103, Xaçmazda 119) iştirak edəcəyi gözlənilir.


Müəllif: