12 Mart 2015 16:47

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Türkiyə Baş nazirinin böyük müşaviri, professor Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, DQİDK sədri Mübariz Qurbanlı qeyd edib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var. Onun sözlərinə görə, qloballaşan dünyada isə sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.

Hacı Bəkir Karlığa vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir və iki ölkənin kədəri də, sevinci də eynidir. Daha sonra qonaq BMT Sivilizasiyalar Alyansının 1016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, iki qardaş ölkə olaraq bilik və təcrübə mübadiləsi ümumi işimizə böyük fayda verəcəkdir. Azərbaycan bütün dünyada tolerantlıq və multikulturalizmi dövlət səviyyəsində yürüdən bir ölkə olaraq belə bir Foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür Forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir.

Daha sonra Qlobal Forumuna hazırlıq çərçivəsində görüləcək işlər, 127 ölkənin iştirak edəcəyi Forumda Azərbaycanın yüksək səviyyədə təqdimatı, dövlət komitəsinin bu sahədə görə biləcəyi işlər ərtafında geniş fikir mübadiləsi aparılıb. Türk və İslam dünyasının dünya elminə və mədəniyyətinə saysız-hesabsız töhfələr verməsi, dünya mədəniyyət tarixində böyük rolu olması kimi vacib məqamların yüksək səviyyəli tədbirlərdən dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.

BƏXTİYAR


Müəllif: