13 Mart 2015 13:59
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs ana dilində danışır, amma bunun dilimizin inkişafına təsiri az olur. Danışıq dilində pərakəndəlik, əcnəbi sözlərə meyl güclüdür”.

Bu sözləri Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev saytların monitorinqi ilə bağlı tədbirdə deyib.

Tofiq Hacıyevin sözlərinə görə, KİV-də ana dilinin təmizliyi ilə bağlı məqalələrin dərci, açıqlamaların verilməsi müsbət haldır: “Ana dili ilə bağlı məsələ cəmiyyətdə iki mərtəbədən ibarətdir. Birinci mərtəbə xalq, ikinci dövlətdir. Dövlətin bu sahədə sərəncamları, Azərbaycan dili haqqında qəbul etdiyi qanun var. Bəzən mətbuat ana dili problemlərində günahı Dilçilik İnstitutunun üzərinə atsa da, dil xalqındır”.

Tofiq Hacıyev Dilçilik İnstitutunun hazırda məşğul olduğu işlərdən də danışıb: “Artıq “Qaynar xətt” xidməti ilə bağlı işlər yekunlaşıb. Yaxın zamanda bu xidmət fəaliyyətə başlayacaq. Buna görə Rabitə və Yüksək Texnologiyalar nazirliyinə təşəkkür edirik.

Saytların monitorinqinə gəldikdə, bu gün saytlara maraq çoxdur, insanlar kitab oxumur, sayt oxuyur. Buna görə də, saytların dilinin təmiz olması son dərəcə vacibdir”.

Sevil Hilalqızı


Müəllif: