18 Mart 2015 14:54
325

Azərbaycan Tibb Universitetində (ATU) “Qan və qan komponentlərinin hazırlanmasında müasir texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Teleqraf.com-un məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyənin tanınmış hematoloqları ilə yanaşı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan mütəxəssislər də iştirak ediblər.

Konfransda çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov konfransın elmi araşdırmalar baxımından çox böyük önəm daşıdığını deyib: “Müasir tibbdə qan və qan komponentlərinin hazırlanması inkişaf edir. Bir neçə il əvvəl yalnız qandan istifadə etməklə kifayətlənirdiksə, indi bu, bizi təmin etmir. Hazırda qanın ayrı-ayrı komponentlərindən istifadə sahəsində tədqiqat işləri, təcrübədə tətbiqi sahəsində çox böyük uğurlar qazanılıb”.

Konfransda mövzu ilə bağlı müxtəlif məruzələr səsləndirilib. Türkiyədən Terumo BCT-nin mütəxəssisi Meral Filiz Somunyudan “Spectra Optia-nın protokol və imkanları”, ATU-nun Tədris Terapevtik Klinikasının Hematalogiya şöbəsinin müdiri Valeh Hüseynov “Çoxsaylı mielom xəstələrində periferik kök hüceyrə toplanma prosedurunun dəyərləndirilməsi” mövzusunda çıxış edib. Med Tech Solutions Gmbh-nin mütəxəssisi Cağatay Deliktaş “Ekstrakorporal fototerapiya” mövzusunda fikirlərini açıqlayıb.

Konfransda Talassemiya Mərkəzinin transfuzioloqu Kamran Əhmədov isə “Qanın yardımçı aparatla işlənməsi ilə plamaferez” mövzusu ilə çıxış edib.

Naibə QURBANOVA


Müəllif: