18 Mart 2015 16:35

Daxili İşlər Nazirliyində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri açaraq iştirakçıları əlamətdar hadisələr – zabit rütbələrinə layiq görülmələri və qarşıdan gələn, xalqımızın ən qədim bayramlarından olan Novruz münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib. O qeyd edib ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Nazir məmnunluqla xatırladıb ki, istər ümummilli liderimiz, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıblar. O deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımlar atılır. Hazırkı tədbir göstərilən sahədə həyata keçirirlən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov öncədən DİN-in İnternet saytında, əksər KİV-lərdə, televiziya kanallarında elanlar verilməklə, respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul üzrə keçirilmiş müsabiqənin şərtlərinə əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha yuxarı bal toplayan 62 nəfərin Nazirliyə dəvət edildiyini, onlardan 39-nun ali hüquq, 23-nün isə pedaqoji təhsilli olduğunu bildirib. Qeyd olunub ki, daxili işlər nazirinin müvafiq əmri ilə müsabiqənin qalibləri orta rəis heyətində müxtəlif vəzifələrə təyin olunublar.

Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara öz tövsiyyələrini verib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.

Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərimizin və möhtərəm Prezidentimizin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

General-polkovnik Ramil Usubov gənc zabitləri bir daha təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyyə edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Hacı Zeynalov


Müəllif: